“SOCAR Polymer”in ixrac gəlirləri 17 % azalıb
- 30 noyabr, 2022
- 09:45
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 163,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Bu, 2021-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə 33,5 milyon ABŞ dolları və yaxud 17 % azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib
Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.