“SOCAR Petroleum” elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcək

“SOCAR Petroleum” elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcək Bununla bağlı ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı və təşviqi sahəsində ixtisaslaşan Sinqapurun CZAR şirkəti ilə müqavilə imzalanıb.
Energetika
632
21 Dekabr , 2020 10:56
“SOCAR Petroleum” elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcək

Ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC, ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı və təşviqi sahəsində ixtisaslaşan Sinqapurun CZAR şirkəti ilə Azərbaycanda elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun inkişafında əməkdaşlıq haqqında müqavilə imzaladılar.

Bunu “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, bu müqavilə 2021-ci ilin birinci yarısı ərzində bütün SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün şarj avadanlıqlarının quraşdırılmasını əhatə edəcək: “Həmçinin “SOCAR Petroleum” QSC və CZAR şirkəti arasındakı əməkdaşlıq çərçivəsində xüsusi seçilmiş SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün servis mərkəzləri yaradılacaqdır. Beləliklə, bu müqavilənin həyata keçirilməsi nəticəsində SOCAR brendli bütün yanacaqdoldurma məntəqələrini elektrikli nəqliyyat vasitələri də daxil olmaqla bütün növ nəqliyyat vasitələri istifadəçilərinin ehtiyaclarını ödəməyə hazır olan multi-yanacaqlı yanacaqdoldurma məntəqələri şəbəkəsinə çevirmək istiqamətində atılacaq daha bir vacib addımdır”.

Ü. Həbibbəyli bildirib ki, elektrikli nəqliyyat infrastrukturunun inkişafı sahəsində yaranan əməkdaşlıq, elektrikli nəqliyyat vasitələrinə olan tələbatı artıracaq müvafiq bir istismar mühiti yaratmağı hədəfləyir: “Bu baxımdan “SOCAR Petroleum” QSC və CZAR şirkəti bu müqavilənin həyata keçirilməsini Azərbaycanda elektrik nəqliyyat bazarını inkişaf etdirən və böyük sosial əhəmiyyətə və iqtisadi perspektivlərə malik bir layihə kimi qiymətləndirir. İnkişaf etmiş bu kimi infrastruktur, elektrikli nəqliyyatın istifadəsi, fərdi və korporativ istifadəçilərin əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Bu layihənin ekoloji komponentini xüsusilə vurğulamaq vacibdir. Çünki elektrikli nəqliyyat vasitələri daxili yanma mühərrikli avtomobillərdən fərqli olaraq zəhərli istixana qazları buraxmırlar ki, bu da atmosferə atılan zərərli tullantıların azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəkdir”.

O bildirib ki, “SOCAR Petroleum” QSC 36 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət avtomobil yanacağı və neft məhsullarının satışı şəbəkəsinə sahibdir: “CNG-nin mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin istək və ehtiyaclarını təmin etməkdir. CZAR International PTE LTD, nəqliyyat sektorunda və kənd təsərrüfatında ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı, tətbiqi və təşviqi ilə məşğul olan Sinqapur mərkəzli bir şirkətdir. Şirkət rəhbərliyi bu seqmenti iqtisadi və ekoloji baxımdan son dərəcə perspektivli hesab edərək, Azərbaycanda elektrikli nəqliyyat vasitələrinin tətbiqinə yönəlib”.

Son xəbərlər

Orphus sistemi