SOCAR: “Ötən il min kubmetr qazın faktiki hasilat maya dəyəri 10 %-dən çox artıb”

Energetika
  • 15 dekabr, 2023
  • 06:57
SOCAR: “Ötən il min kubmetr qazın faktiki hasilat maya dəyəri 10 %-dən çox artıb”

Ötən il Azərbaycanda 1000 kubmetr qazın faktiki hasilat maya dəyəri 67,57 manat təşkil edib.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ilin hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, bu, 2021-ci illə müqayisədə 6,34 manat və ya 10,35 % çoxdur.

Məlumata görə, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,5 %, yanacaq üzrə - 0,3 %, elektrik enerjisi üzrə - 0,4 %, əmək haqqı üzrə - 12,4 %, sosial sığorta fonduna ayırmalar üzrə – 2,8 %, əsas vəsaitlərin amortizasiyası üzrə – 14,1 %, əsas vəsaitlərin təmiri üzrə - 4,9 %, əsas vəsaitlərə texniki xidmət üzrə - 10,8 %, nəqliyyat üzrə – 12,4 %, mühafizə üzrə - 2 %, mədən vergisi üzrə – 19,1 %, digər vergilər üzrə - 4,5 %, digər xidmətlər üzrə - 11,9 %, digər xərclərin xüsusi çəkisi isə 2 % təşkil edir.

Bildirilir ki, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin digər xərcləri, qazın emalı, saxlanması, nəqli, “Azərkontrakt” SC-dən alınmasına çəkilən xərclər nəzərə alınmaqla 2022-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 165 manat təşkil edib. Şirkət üzrə neft və qaz hasilatının maya dəyərləri artıb, hesabatda deyilir.

“Qazın maya dəyərinin artması 2021-ci ilə nisbətən yanacaq, elektrik enerjisi, əmək haqqı və sosial sığorta, əsas vəsaitlərə texniki xidmət, nəqliyyat, mühafizə, mədən vergisi və digər xidmət xərclərinin artması hesabına baş verib. Belə ki, yanacaq xərcləri 271 min manat (33,7 %), elektrik enerjisi xərcləri 151 min manat (9,4 %), əmək haqqı xərcləri 7 milyon 612 min manat (16,9 %), sosial sığorta xərcləri 1 milyon 818 min manat (17,9 %), əsas vəsaitlərə texniki xidmət xərclərinin 26 milyon 342 min manat (136,1 %), nəqliyyat xərcləri 7 milyon 351 min manat (16,4 %), mühafizə xərcləri 2 milyon 742 min manat (48,9 %), mədən vergisi xərclərinin 11 milyon 679 min manat (17,1 %) və digər xidmət xərcləri 21 milyon 400 min manat (74 %) artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti