SOCAR ötən il Gürcüstanda 105 mln. litr yanacağın pərakəndə satışını həyata keçirib

SOCAR ötən il Gürcüstanda 105 mln. litr yanacağın pərakəndə satışını həyata keçirib SOCAR prezidentinin Gürcüstana səfəri davam edir
Energetika
4 Mart , 2016 15:46
SOCAR ötən il Gürcüstanda 105 mln. litr yanacağın pərakəndə satışını həyata keçirib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı xidmət mərkəzləri vasitəsilə 2015-ci ildə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayevə şirkətin törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" MMC-nin xidmət mərkəzlərinin Tbilisidə yerləşən baş ofisində bildirilib.

Mərkəzə gələn R.Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR rəhbərinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si Şərqi, 7-si isə Qərbi Gürcüstandadır.

Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ofis müasir avadanlıqla təmin olunub, xüsusi dizayn edilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədilə "SOCAR Georgia Petroleum"un bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirib, əməkdaşlara yeni uğurlar arzulayıb. 

Qeyd edək ki, səfər çərçivəsində SOCAR prezidenti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açılıb. Daha sonra rəsmi sənədlərin imzalanma mərasimi keçirilib. Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmi şəxsləri, Gürcüstan tərəfindən isə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft-Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili imzalayıblar.

İmzalanma mərasimindən sonra SOCAR prezidenti R.Abdullayev və Gürcüstanın energetika naziri K.Kaladze mətbuat konfransı keçirib.

SOCAR prezidentinin Gürcüstana səfəri davam edir.

Son xəbərlər

Orphus sistemi