Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün qurumun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə təsis etdiyi “SOCAR New Energy” şirkəti bu ilin iyul ayında 59,2 min ton dizel yanacağı tədarük edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Məlumata görə, Ukrayna operatorları SOCAR-dan iyul ayı üçün cəmi 110 min ton dizel yanacağı alıb ki, bu həcmlərin də bəziləri nəticədə avqust ayına keçirilib.
Ümumilikdə, iyul ayı ərzində Ukraynaya 550,3 min ton dizel yanacağı tədarük edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,6 % çoxdur. Artım əsasən Litva, Belarus və dəniz yolu ilə idxal edilən yanacağın sayəsində baş tutub.
Ötən ay Rusiyadan 149,6 min ton dizel yanacağı idxal edilib ki, bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 25 % azdır. Bu həcmlərin 90 min tonu dəmir yolu ilə idxal edilib ki, bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 13,4 % çoxdur.
Ötən ay Belarusdan Ukraynaya 232,5 min ton dizel yanacağı tədarük edilib ki, bu da illik müqayisədə 6 % çoxdur. Bu ilin iyun ayı ilə müqayisə etdikdə isə artım 32 % olub və tədarük edilən həcm 57,3 min təşkil edib. İyun ayının tədarük həcmlərinin aşağı göstəricisi Belarusun Mozır neft emalı zavodunda iyulun əvvəlində yekunlaşan təmir işləri ilə bağlıdır.
Hesabat ayında Litvadan Ukraynaya tədarük edilən dizel yanacağının həcmi 42 % artaraq 56,8 min ton olub. Limanlarla gətirilən dizel yanacağının həcmi ötən ay ərzində 111 min ton təşkil edib ki, bu da 2020-ci ilin eyni ayı müqayisədə 44 % çoxdur. Bu həcmlərin 36,3 min tonu Türkiyənin payına düşüb. Bundan başqa, ötən ay Türkmənistandan 18,7 min ton, Yunanıstandan 23,2 min ton tədarük edilib.
“A-95” Konsaltinq Qrupunun hesabatına əsasən, bu ilin yanvar-iyul ayları ərzində dizel yanacağının tədarükünün həcmi 3,33 mln ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,9 % azdır.