SOCAR neftin istehsal maya dəyərini 3 %-dək azaldıb

Energetika
  • 06 dekabr, 2022
  • 10:27
SOCAR neftin istehsal maya dəyərini 3 %-dək azaldıb

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftqazçıxarma idarələri üzrə 1 ton neftin istehsal maya dəyəri 115,52 manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı illik hesabatında deyilir.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə 3,33 manat və ya 2,8 % azdır.

Hesabatda deyilir ki, neft məhsullarının istehsalına çəkilən xərclərin tərkibində xam neftin hasilatına çəkilən xərclərin xüsusi çəkisini nəzərə alaraq, SOCAR-ın neftqazçıxarma idarələri üzrə neftin və təbii qazın maya dəyərinin təhlili aparılıb: “2021-ci ildə 1 ton neftin istehsal maya dəyəri 115,52 manat təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,33 manat və ya 2,8 % azalıb. Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 4,2 %, əmək haqqı – 15,4 %, sosial sığorta fonduna ayırmalar – 3,6 %, amortizasiya ayırmaları – 20,1 %, əsas vəsaitlərin təmiri - 8,3 %, əsas vəsaitlərə texniki xidmət – 4,9 %, nəqliyyat xərcləri - 10,5 %, mədən vergisi - 8,9 %, digər vergilər - 5,6 % və s. təşkil edir.

Bildirilir ki, neftin maya dəyərinin azalması keçən ilə nisbətən əmək haqqı xərclərinin, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, digər vergilərin və digər xərclərin azalması hesabına baş verib. Belə ki, əmək haqqı xərcləri 11 milyon 380 min manat (8,3 %), əsaslı təmir və texniki xidmət xərcləri 11 milyon 095 min manat (9,3 %), nəqliyyat xərcləri 42 milyon 559 min manat (33 %), mühafizə xərcləri 4 milyon 955 min manat (22,3 %), digər vergilər 1 milyon 662 min manat (3,5 %) və digər xərclər 3 milyon 414 min manat (10 %) azalıb.