SOCAR neft ixracını 8 %-dən çox artırıb

Energetika
  • 15 dekabr, 2022
  • 08:32
SOCAR neft ixracını 8 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ixrac edilən neftin 1,3 milyon tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb ki, bu da illik müqayisədə 0,1 milyon və ya 8,3 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-noyabr ayları üzrə operativ məlumatlarında deyilir.

Hesabat dövründə Azərbaycandan 24 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 1,7 milyon ton və ya 6,6 % azdır.

Bunun 22,7 milyon tona yaxını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür ki, bu da illik müqayisədə 1,8 milyon ton və ya 7,3 % azdır.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

BP ABƏŞ-in ən iri səhmdarı və operatorudur. Konsorsiumda həmçinin “MOL Group”, INPEX, Equinor, ExxonMobil, TPAO, Itochu və ONGC şirkətləri təmsil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti