SOCAR Kanada şirkəti ilə neft sazişi imzalayıb

SOCAR Kanada şirkəti ilə neft sazişi imzalayıb SOCAR və "Zenith Aran Oil Company Ltd." arasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" yataqlar bloku üzrə PSA sazişi imzalanıb
Energetika
16 Mart , 2016 18:10
SOCAR Kanada şirkəti ilə neft sazişi imzalayıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin (PSA) imzalanma mərasimi keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, Azərbaycanın tarixən dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətinə çatdırıb, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal layihələr haqqında onlara ətraflı məlumat verib. Azərbaycanın dəniz yataqlarının potensialından bəhs edən SOCAR prezidenti quruda yerləşən xam neft və təbii qaz ehtiyatlarının da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarının perspektivli olduğunu vurğulayıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən “Zenith Aran Oil Company"nin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda fəaliyyətə başlamalarından, SOCAR-la əməkdaşlıqdan məmnun olduğunu bildirib, Azərbaycana yatırılan sərmayənin davamlı olacağına inandığını vurğulayıb.

Daha sonra “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR-ın prezidenti R.Abdullayev və "Zenith Aran Oil Company”nin baş icraçı direktoru A.Kattaneo imzalayıblar. 

Bildirilib ki, sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarında əvvəllər daha çox neft hasil edilsə də, hazırda burada sutkalıq hasilat təqribən 350 barel xam neft təşkil edir. Yataqlardan həmçinin az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir.

Qeyd edək ki, “Zenith Aran Oil Company Ltd.” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir. Dünyanın ən böyük və ən dəqiq neft-qaz mərkəzi olan Kanadanın Kalqari şəhərində əsası qoyulmuş “Zenith Energy Ltd.'' şirkəti quruda zaman keçdikcə hasilatı azalmış, lakin kapital qoyuluşundan, birgə mühəndislik və texniki ekspertiza nəticəsində optimallaşdırma işlərindən sonra məhsuldarlığı artırıla biləcək təsdiqlənmiş neft və qaz yataqlarının sonrakı işlənməsini həyata keçirir. Şirkət kapital dəyərini maksimum artırmaq üçün daha güclü maddi-texniki təchizat təklif edən, eləcə də emal müəssisələrinə və boru kəmərlərinə yaxın ərazilərdə yerləşən hasilat imkanlarına maraq göstərir. “Zenith” şirkətinin menecmenti geniş beynəlxalq təcrübəyə, həmçinin bu strategiyanı həyata keçirmək üçün texniki biliklərə malikdir. 

Son xəbərlər

Orphus sistemi