Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Energy” qonşu ölkədə fəaliyyət göstərən Neft Sənayesi Dərnəyinə (PETDER) üzv olub.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, bununla da PETDER-in üzvlərinin sayı 17-yə çatıb.
Digər 16 üzv "Alpet", "Aytemiz", "Belgin", BP, "Castrol", "Exxon Mobil", GO, "Güzel Enerji Akaryakıt", "Opet", "Petline", "Petrol Ofisi", "Petroyağ", "Shell", "Shell & Turcas", "Total Energies" və "Türk Petrolları"dır.
“SOCAR Turkey Energy" 2008-ci ildə “PETKİM”in səhmlərinin 51 %-nin əldə edilməsi ilə fəaliyyətə başlayıb. Yekun dəyəri 19,5 milyard ABŞ dolları olacaq nəhəng layihələr həyata keçirən törəmə şirkətin çətiri altında Petkim, TANAP, "STAR Rafinerisi", "SOCAR Terminal", "Petkim RES", "Bursagaz", "Kayserigaz", "Enervis", "SOCAR Enerji Ticaret", "Millenicom", "SOCAR Ticaret" və “SOCAR Saxlama” kimi aparıcı şirkətlər var. Əsas investisiya sahələri neft-kimya məhsulları və ticarəti, emal ilə təbii qaz alqı-satqısı olan “SOCAR Turkey” investisiyalarının çoxunun yerləşdiyi Aliağadakı torpaqları üçün "Xüsusi Sənaye Bölgəsi" adını alan ilk şirkətdir.