SOCAR-ın Türkiyədəki neft emalı zavoduna investisiya qoyuluşu artırılacaq

SOCAR-ın Türkiyədəki neft emalı zavoduna investisiya qoyuluşu artırılacaq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavoduna (NEZ) yatırılan investisiyaların məbləği 7 milyard ABŞ dollara çatdırılacaq.
Energetika
30 Noyabr , 2021 19:09
SOCAR-ın Türkiyədəki neft emalı zavoduna investisiya qoyuluşu artırılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavoduna (NEZ) yatırılan investisiyaların məbləği 7 milyard ABŞ dollara çatdırılacaq.

"Report" xəbər verir ki, bunu “SOCAR Turkey” şirkətinin Baş icraçı direktoru Zaur Qəhrəmanov şirkətin İstanbuldakı ofisində Azərbaycanın mətbuat nümayəndələri ilə görüşündə bildirib.

"Ümumilikdə 6,3 milyard ABŞ dolları olan bu layihə investisiya dəyərinin 3,3 milyard ABŞ dolları layihə maliyyələşdirmə krediti hesabına təmin edilib. Neft emalı zavodunun istismar çevikliyini, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir", - Z.Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, ildə 11 milyon ton xam neft emal həcmi olan STAR NEZ-i, dizel və naftadan əlavə, Türkiyədəki cari çatışmazlığın əhəmmiyyətli komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsulları da istehsal edir.

"Hal-hazırda STAR Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25 %-ni qarşılayır. Hər il xam neft və məhsul qiymətlərinə görə dəyişsə də, STAR NEZ Türkiyədəki cari kəsirin azalmasına mühüm töhfə verir", - Z.Qəhrəmanov deyib.

Şirkətinin Baş icraçı direktoru bildirib ki, gündəlik 35 min kubmetr xam neft işləmə qabiliyyətinə malik olan neft emalı zavodunun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatdı: "Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon ABŞ dolları əlavə saxlama investisiyaları qoyulur. Bu investisiyalar başa çatdıqda, STAR Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. Bu həcm ildə 11 milyon ton neft emal edən bir neftayırma zavodu üçün ideal ölçüdür. Bu şəkildə STAR NEZ-ində xammal qaynağı çeşidliliyi yarana biləcək. Bu layihələrdən birinin 2021-ci ildə, digərinin isə 2022-ci ildə tamamlanması hədəflənir".

Z.Qəhrəmanovun sözlərinə görə, STAR Neft Emalı Zavodu, sahib olduğu texnologiya infrastrukturu və əməliyyat rahatlığı sayəsində istehsal planlarını pandemiya dövründəki dəyişikliklərə sürətlə uyğunlaşdırdı: "Bu rahatlıq sayəsində pandemiya dövründə 1,6 milyon ton təyyarə yanacağı istehsal gücünü sürətlə dizelə çevirdi və bazarda əhəmiyyətli bir rəqabət üstünlüyü qazandı.

Bununla yanaşı, STAR zavodunda istehsal etdiyi illik təxminən 1,6 milyon ton nafta ilə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya istehsalçısı "Petkim"in xammal ehtiyacının demək olar ki, hamısı qarşılanır. STAR NEZ-i, sahib olduğu qabaqcıl texnologiyası və "Petkim" ilə birləşmiş quruluşu sayəsində COVID-19 pandemiyası müddətində fasiləsiz və yüksək həcimdə istehsalını davam etdirdi".

O qeyd etdi ki, 2020-ci ilin ilk doqquz ayında Şərqi Aralıq dənizindəki neft emalı zavodlarının orta tutum istifadə nisbəti 86 % olarkən, STAR Neft Emalı Zavodunun emal gücünün istifadə nisbəti 98,9 % oldu. STAR NEZ-də istehsal olunan bütün nafta "Petkim"ə verilir. "Petkim" ehtiyacı olan naftanın demək olar ki, hamısını STAR-dan alır.

Xatırladaq ki, 2021-ci ildə STAR NEZ, Dünya İqtisadi Forumu (WEF) tərəfindən Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”a daxil olub. 2021-ci ildə Türkiyədən seçilən yeganə şirkət olan STAR NEZ, eyni zamanda dünyada bu mükafata layiq görülən ilk neft emalı zavodudur.

STAR Neft Emalı Zavodunun tikinti işlərinin ən sıx olduğu dövrdə, 14 ölkədən 3 000-dən çox mühəndis daxil olmaqla məşğulluq sayı 19 500-ə çatıb. Hazırda zavodda təxminən 1 150 nəfər işləyir.

Son xəbərlər

Orphus sistemi