SOCAR-ın Türkiyədəki neft emalı zavodu xammal idxalını 15 % azaldıb
- 13 dekabr, 2021
- 13:18
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu 791 min 103,035 ton xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, Türkiyəyə idxal edilən xam neftin 20,59 %-i deməkdir. STAR ötən ilin sentyabr ayı ilə müqayisədə 139 min 629,640 ton və ya 15 % az xam neft idxal edib.
Xatırladaq ki, təməli 2011-ci ilin 5 oktyabr günü atılmış “STAR” neftayırma müəssisəsinin açılışı 2018-ci ilin 19 oktyabr tarixində keçirilib. Türkiyədə strateji sərmayələri dəstəkləyən Yatırım Təşviq Bəlgəsinin ilkinə sahib olan müəssisənin illik gücü ilkin dövrdə 10 milyon ton olub, cari ildə isə 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light”, “Kirkuk” neft markalarını emal edərək ildə 1,6 milyon ton liqroin, 4,8 milyon ton dizel yanacağı, habelə təyyarə yanacağı, LPG, neft koksu, qarışıq ksilol istehsal edir.
Neft emalı zavodunun illik istehsal gücü 2024-cü ildən sonrakı dövrdə 11,5 milyon tonadək artırılması nəzərdə tutulur.