Yuxarı
    Bağlamaq

    SOCAR-ın Türkiyədəki aktivinin xalis gəliri 14% artıb

    Petkimin aktivləri isə 44% artıb

    Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan "Petkim (PetroKimya) Holding A.Ş." 2015-ci ildə 639,2 mln. Türkiyə lirəsi məbləğində xalis gəlir əldə edib.

    "Report" xəbər verir ki, bu barədə "Petkim Holding" məlumat yayıb.

    Holdinqin xalis gəliri 2014-cü ildən 14% artıq olub. Hesabat dövründə 4 mlrd. 532,6 mln. lirə həcmində dövriyyə həyata keçirilib. Holdinqin aktivləri isə 2014-cü ilə nisbətən 44% artaraq 5 mlrd. 460,7 mln. lirə təşkil edib.

    "Petkim Holding"in baş direktoru Sadəddin Qorqud bildirib ki, ötən il şirkət tarixinin ən yaxşı maliyyə ilindən biri olub:

    "2015-ci ildə meydana gələn iqtisadi qeyri-müəyyənliklər və bununla bağlı valyuta məzənnələrində müşahidə olunan dalğalanma daha çevik hərəkət etməyi tələb edib. Şirkətimiz yerli istehsalçı olaraq, bu qeyri-müəyyən şəraitdə özü ilə bərabər bu şəraitə uyğunlaşa bilən, böyük müştərilərlə yanaşı, kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərə də önəm verərək, sektordakı fürsətləri birlikdə dəyərləndirib, yüksək satış və xalis gəlir əldə edib. Müştəri tələbinə və bazar ehtiyaclarına uyğun satış, ticarət, hasilat, satınalma həyata keçirilib".

    S.Qorqud əlavə edib ki, 2014-cü ilin son rübündən etibarən neftin qiymətinin kəskin düşməsi sektorda yeni səhifə açılmasına səbəb olub. Onun sözlərinə görə, xüsusilə də nafta əsaslı istehsalçıların gəlirində yüksəlmə müşahidə olunub:

    "Bu yeni şərtlərə sürətlə uyğunlaşıb, rəqabətçi olmağa önəm verərək hasilat və satışlarımızda maksimum səviyyəni təmin etdik. 2015-ci ildə xam məhsulların qiymətinin düşməsi ilə əlaqədar neft-kimya sektoru yaxşı dövründədir. Gələcəkdə də xalis gəlir səviyyəsini artırmağı hədəfləyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi