Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan STAR Neft Emalı Zavodu bu ölkənin Ege Bölgəsi Sənaye Palatasının 2021-ci ildə istehsaldan satışlara görə hazırladığı 100 şirkət arasındakı reytinqdə ilk yeri tutub.
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, eyni reytinqdə həmçinin SOCAR-ın Türkiyədəki digər istehsal müəssisəsi olan “Petkim Holdinq” də yer alaraq üçüncü olub.
Belə ki, reytinqdə STAR NEZ daha əvvəlki ildə olduğu kimi ilk sırada yer alarkən, “Petkim” 100 şirkət arasında üçüncü yeri tutub.
“SOCAR Turkey Enerji” şirkətinin Baş direktoru Zaur Qəhrəmanov bildirib ki, 2021-ci ildə neft-kimya məhsullarına tələbatın artması ilə birgə təklif çatışmazlığı da yaşanıb: “Bununla belə, “Petkim” və STAR Neft Emalı Zavodu inteqraəolunmuş strukturları ilə istehsalına davam edib. “SOCAR Türkiyə” qrup şirkətləri bu dövrdə istehsal etdikləri məhsullarının əsasən Türkiyə bazarına təqdim edərək, yerli sənayeçilərə dəstək olmağa davam edib”.
Z.Qəhrəmanov bildirib ki, qrup şirkətlərinin hər ikisi ilə siyahının əvvəlində olmaqdan qürur duyur: “Türkiyədə strateji bölgələrdə fəaliyyət göstərən obyektlərimizlə istehsalda gücümüzü nümayiş etdirməyə və iqtisadiyyata töhfə verməyə davam edəcəyik”.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.