Yuxarı
    Bağlamaq

    ​SOCAR-ın Türkiyədə həyata keçirdiyi "Star" neft emalı zavodu layihəsi beynəlxalq mükafata layiq görülüb

    Star neft emalı zavodunun inşası layihəsi IJ Global jurnalı tərəfindən İlin ən yaxşı neft və qaz layihəsi seçilib

    Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə həyata keçirdiyi "Star" neft emalı zavodunun inşası layihəsi dünyanın ən nüfuzlu nəşrlərdən olan "Infrastructure Journal (IJ) Global" jurnalının Londonda keçirdiyi mükafatlandırma mərasimində 2014-cü ildə Avropanın "İlin ən yaxşı neft və qaz layihəsi" seçilib.

    SOCAR-dan "Report"a verilən məlumata görə, "IJ Global Avropa və Afrika Mükafatları" mərasimində 2014-cü ildə ən yaxşı enerji investisiyası layihələrinin qalibləri elan olunub. Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu layihəsi sayılan, 3,29 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilən "Star" neft emalı zavodu layihəsinin maliyyələşdirilməsi beynəlxalq maliyyə layihəsi mükafatları çərçivəsində "Neft Emalı Zavodu üzrə ən yaxşı maliyyələşdirmə anlaşması" mükafatını qazanıb. "IJGlobal" kreditverənlərə heç bir tamamlama zəmanəti verilməməsinə baxmayaraq, kredit miqdarı və müddəti baxımından "Star"ın öz sferasında ilk layihə maliyyələşdirilməsi olduğunu vurğulayıb.

    "SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz anlaşmanın kredit həcmi, zəmanət şəkli və müddət xüsusiyyətlərinə görə Türkiyədə ən böyük, ən çoxmənbəli və ən inkişaf etmiş layihə maliyyələşdirmə əməliyyatı olduğunu bildirib. Maliyyələşdirmə paketində 6 ölkədən 7 idxalat kredit quruluşu, 13 beynəlxalq ticarət bankı, 2 xarici inkişaf bankı və 1 Türkiyə bankının ("Qaranti Bankı") iştirak etdiyi layihə eyni zamanda 2014-cü ildə Avropa-Orta Şərq-Afrika bölgəsində neft və təbii qaz sahəsində həyata keçirilən ən böyük layihə maliyyələşdirilməsidir.

    "Artıq 2018-ci ilin I rübündə istismara verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari kəsir probleminin həllinə minimum 2,5 mlrd. dollar məbləğində fayda verəcək. Emal olunacaq illik 10 mln. ton xam neft bu vaxtadək idxal edilən məhsulların istehsalına yönəldiləcək, bununla da əlavə dəyər Türkiyə daxilində qalaraq xalqın rifahına və ölkənin tərəqqisinə töhfə verəcək", - deyə K.Yavuz bildirib. 

    "Star" neft emalı zavodunun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biri sayılır.

    Xatrıladaq ki, "Star" neft emalı zavodu bu il "Global Financial Conferences" təşkilatı tərəfındən "İlin ən yaxşı istiqraz və kredit əməliyyatları" (Bond &Loans; Award) mükafatlarının Türkiyəyə aid qismində 3 mükafat qazanıb, eyni zamanda "Reuters"in "Project Finance International" jurnalı tərəfindən də mükafata layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi