Yuxarı

SOCAR-ın təlim mərkəzində 79 fəhləyə sertifikatlar verilib

Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, BP şirkətinin regional direktoru Qordon Birrell iştirak ediblər

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qobustan Regional Təlim Mərkəzində "BP-Azerbaijan" şirkətinin sifarişi ilə hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatların təqdim edilməsi mərasimi keçirilib. 

"Report" xəbər verir ki, mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrell, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, habelə şirkətlərin rəhbər işçiləri iştirak ediblər. 

Mərasimdə qeyd olunub ki, milliləşmə poqramı çərçivəsində SOCAR və BP arasında imzalanmış təhsil memorandumuna əsasən, 2014-2015-ci tədris ilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində təhsil almaq üçün elan olunmuş qəbul müsabiqəsində Qaradağ rayonunda yaşayan 244 nəfər gənc iştirak edib. Test imtahanlarında uğurlu nəticə qazanmış 79 nəfər şagird 10 peşə üzrə təhsilə cəlb edilib. Onların arasında 21 nəfərin ali təhsilli, 10 nəfərin texniki universitetin məzunu olduğu, 1 nəfərin magistr olduğu bildirilib. Qobustan RTM-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, texnoloji qurğuların operatoru,kran maşinisti, karotajçı, quraşdırıcı çilingər, təmirçi çilingər, neft-qaz hasilatı operatoru, kompressor qurğularının maşinisti peşələri üzrə nəzəri və istehsalat təlimi dərsləri 2014-cü il noyabrın 11-dən 2015-ci il avqustun 18-dək aparılıb. Təhsil dövründə 5 dəfə birgə monitorinq aparılıb, şagirdlərin nəzəri və praktiki bilikləri aylıq test imtahanları vasitəsi ilə yoxlanılıb. Şagirdlər SOCAR-ın müxtəlif idarə və müəssisələrində istehsalat təcrübəsi keçiblər. Noyabrın 5-də yekun sınaq peşə imtahanı keçirilib və bu imtahanatın nəticəsinə görə məzun adı qazanmış şagirdlər SOCAR-ın sertifikatlarına layiq görülüblər. 

Tədbirdə çıxış edən R.Abdullayev Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, neft kapitalının insan kapitalına çevrilməsi işinə SOCAR-ın verdiyi töhfələrdən bəsh edib. O qeyd edib ki, şirkət bu istiqamətdə genişmiqyaslı və çoxşaxəli kadr hazırlığı proqramları həyata keçirir, yüksək ixtisaslı fəhlə kadrları hazırlanmasını daim diqqət mərkəzində saxlayır. Hazırda şirkətin  nəzdində 5 təlim mərkəzi və 1 qaynaq mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirən R.Abdullayev Qobustan RTM-nin imkanlarında söz açıb, bu zəngin potensialdan daha səmərıli istifadə olunması tapşırığını verib. O həmçinin qeyd edib ki, irimiqyaslı layihələr həyata keçirilir və bu layihələrdə yüksək ixtisaslı mütəxəssslərə böyük ehtiyac var. Tədbirdə çıxış edən BP-nin regional direktoru Q.Birrell SOCAR-ın təlim mərkəzlərinin təlim və tədris imkanlarını yüksək dəyərləndirib və kadr hazırlığı üzrə imzalanmış memorandum çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib. Daha sonra məzunlara sertifikatlar təqdi olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi