SOCAR-ın Qaz Emalı Zavodu texniki butanın 16 %-ni ixrac edib
- 08 oktyabr, 2021
- 09:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ildə Qaz Emalı Zavodunda təbii qazın emalı və hazır məhsulların istehsalı ilə bağlı məlumatlarını açıqlayıb.
“Report”un Şirkətin 2020-ci il üçün illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il zavodda faktiki olaraq 3 milyard 763 milyon kubmetr qaz emal olunaraq proqnoz göstəricilərinə 89,1 % əməl edilib. Bu göstərici 2019-cu ilin müvafiq göstəricisinə nisbətən 17 % təşkil edib.
2020-ci il ərzində zavodda 3 milyard 707,5 milyon kubmetr təmizlənmiş təbii qazla yanaşı 14 min ton texniki butan və 22,6 min ton qaz benzini (nafta) istehsal edilib.
Ötən il 2019-cu illə müqayisədə təmizlənmiş təbii qaz istehsalı 17,3 %, texniki butan istehsalı 16,1 %, qaz benzini (nafta) istehsalı isə 13 % çoxdur.
İstehsal edilmiş qaz benzininin bütün həcmi təkrar emal məqsədi ilə xammal kimi “Azneft” İstehsalat Birliyinə, texniki butanın 83,8 %-i daxili bazarda satışa, 16,2 %-i isə ixraca yönəldilib.