SOCAR-ın Polimer zavodunun inşası ilə bağlı danışıqlar başa çatıb

SOCAR-ın Polimer zavodunun inşası ilə bağlı danışıqlar başa çatıb 2015-ci ildə yeni milli standartların hazırlanıb dövlət qeydiyyatına alınması planlaşdırılır
Energetika
28 Yanvar , 2015 19:10
SOCAR-ın Polimer zavodunun inşası ilə bağlı danışıqlar başa çatıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqaviləyə əsasən, SOCAR-ın Polimer zavodunun inşası və istismarı zamanı tətbiq olunacaq beynəlxalq və regional standartlar üzrə danışıqlar başa çatıb.

“Report” Komitəyə istinadən xəbər verir ki, müqavilə əsasında 2015-ci ildə 300-ə qədər beynəlxalq və regional standartların bazasında yeni milli standartların hazırlanıb dövlət qeydiyyatına alınması planlaşdırılır. Hazırda prioritet standartların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, SOCAR-ın Karbomit zavodunun inşası və istismarının təmin edilməsi istiqamətində tətbiq ediləcək prioritet standartların müəyyənləşdirilməsi işləri həyata keçirilir.

Ötənilki “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC-nin bazasında yaradılmış “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə və ASSİ Azərbaycan məhsullarının xarici bazara çıxışının təmin olunması istiqamətində beynəlxalq və regional standartlar əsasında plastik borular, elektrik kabellər və elektrik avadanlıqlara aid tələbləri tənzimləyən 19 standart hazırlanıb və dövlət qeydiyyatına alınıb.

Bundan başqa, “Azərenerji” ASC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu və ASSİ ölkədə mövcud energetika sahəsinin müasir dünya təcrübəsinə uyğunlaşdırılması məqsədilə beynəlxalq və regional standartların tətbiqi istiqamətində yeni texniki komitənin yaradılması və bu texniki komitə çərçivəsində milli standartların hazırlanması üzrə danışıqlar başa çatdırılıb. Hazırda sahə üzrə müvafiq prioritet standartların müəyyən edilməsi üzrə işlər aparılır.

Qeyd edək ki, ötən il SOCAR-ın yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin inşası və istismarı layihəsində istifadə olunacaq beynəlxalq və regional standartların Azərbaycan Respublikası ərazisində tətbiqi istiqamətində 102 milli standart hazırlanıb və dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi