“SOCAR Turkiye Enerji” şirkəti 2008-2024-cü illərdə “Petkim” neft-kimya kompleksinin zavodlarına ümumilikdə təxminən 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub.
“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə “SOCAR Turkiye”nin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Kənan Mirzəyev bu gün İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"SOCAR Turkiye Enerji” şirkətinin “Petkim”in zavodlarına sərmayə qoyuluşunun illik həcmi orta hesabla 113 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə, şirkətin 2008-2024-cü illərdə bu məqsədlər üçün kapital qoyuluşu (CAPEX) təxminən 2 milyard ABŞ dolları olub", - K.Mirzəyev qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan kapital qoyuluşlarından əlavə, 2018-ci və 2022-ci illərdə “Petkim”də əsaslı təmir üçün planlaşdırılmış xərclər də həyata keçirilib.
"Bu sərmayələr kompleksin zavodlarının istehsal dayanıqlığının artırılmasında mühüm rol oynayıb", - K.Mirzəyev bildirib.
Xatırladaq ki, “SOCAR Turkey” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir. Türkiyədə şirkət həmçinin STAR neft emalı zavodu, konteyner terminalı, elektrik stansiyası tikib, həmçinin daxili bazara qaz tədarükü və Türkiyənin bir sıra iri şəhərlərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma məntəqələrinə neft məhsulları tədarükü ilə məşğuldur.