SOCAR-ın neft emalı zavodu istehsalını 13 %-dən çox artırıb

Energetika
  • 03 mart, 2022
  • 08:42
SOCAR-ın neft emalı zavodu istehsalını 13 %-dən çox artırıb

2021-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 6,7 milyon ton neft emal edilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2020-ci illə müqayisədə 13,3 % çoxdur.

Ötən il zavodun istehsalı olan 2 milyon tondan çox neft emalı və neft-kimya məhsulları ixrac edilib. Bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 25,5 % çoxdur.

2021-ci il əzində NEZ-də 106,2 min ton soba mazutu istehsal edilib ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 72,4 % çoxdur.

Ötən il ərzində müəssisə tərəfindən 25,95 min ton sürtkü yağları istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 54,8 % çoxdur.

Eyni zamanda, NEZ tərəfindən 256,2 min ton neft koksu istehsal edilib ki, bu da illik müqayisədə 30,1 % çoxdur.

Ötən il ölkədə 2,4 milyon ton dizel yanacağı istehsal edilib ki, bu da daha əvvəlki ilə nisbətən 17,8 % çoxdur.

Həmçinin, ötən il 1,26 milyon ton avtomobil benzini istehsal edilib ki, bu da 2020-ci illə müqayisədə 8,4 % çoxdur.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti