SOCAR-ın neft emalı zavodu ay yarımdan çox müddətə təmirə bağlanacaq

Energetika
  • 07 fevral, 2022
  • 13:12
SOCAR-ın neft emalı zavodu ay yarımdan çox müddətə təmirə bağlanacaq

Azərbaycanın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) uzunmüddətli planlı təmirinə mart ayında başlanması nəzərdə tutulub. Təmir işləri 1,5 aydan çox müddət davam edə bilər.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) mənbələrdən məlumat verilib.

Məlumata görə, NEZ-in xammal ilə təmin etdiyi “Azərkimya” SC-nin obyektləri də bu dövrdə işləməyəcək.

“NEZ martın 21-dən etibarən 50 gün müddətinə əsaslı təmirə bağlanacaq. Zavodun əsas qurğularının yoxlanması, təkmilləşdirilməsi və təmiri məqsədilə həyata keçirilən dayanma planlı xarakter daşıyır”, - SOCAR-dakı məlumatlı mənbə bildirib.

Qeyd edək ki, NEZ illik 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ilin yekunlarına görə 1,26 milyon ton təşkil edib, 7,9 %-lik illik artım), nafta (400,7 min ton, 67,2 %-lik artım, “Azərkimya”nın müəssisələri üçün), dizel yanacağı (2,4 milyon ton, 16,2 %-lik artım), odluq mazut (105 min ton, 70,5 %-lik artım), sürtkü yağları (49,1 min ton, 39,1 %-lik artım), neft koksu (255,3 min ton, 29,7 %-lik artım), neft bitumu (362,2 min ton təşkil edib, 3,4 %-lik azalma) və təyyarə yanacağı (490,1 min ton, 2,4 %-lik azalma) istehsal edir.

Yaz aylarında NEZ-də həyata keçiriləcək təmiri nəzərə alaraq, hökumət daxili bazarda Aİ-92 markalı benzinin çatışmazlığına yol verməmək üçün SOCAR-a Rusiya, Rumıniya və Türkmənistan şirkətləri ilə ümumi həcmi 150 min ton avtomobil yanacağının idxalı ilə bağlı müqavilələr bağlamağı tapşırıb.

Bu məqsədlə Nazirlər Kabineti 2022-ci ilin fevralın 1-dən iyunun 1-dək ölkəyə idxal edilən 92 və 95 oktanlı benzinə görə gömrük rüsumlarını aradan qaldırıb.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu qərar da fevralın 1-dən iyunun 1-dək olan dövrü əhatə edir.

L.Y.