Yuxarı

Azərbaycanın iki neft emalı zavodunun birləşməsi ilə bağlı iclas keçirilib

Həmin zavodların işçiləri imtahan verəcək

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə 01.01.2015-ci il tarixindən xitam verilməsi və Heydər Əliyev adına BNEZ-ə birləşdirilməsi nəticəsində aparılacaq struktur dəyişiklikləri ilə əlaqədar zavod kollektivi ilə görüş keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, Heydər Əliyev adına BNEZ-in yeni ştat cədvəli Əmək Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq tərtib edilib. Bu ştatların əmək funksiyalarının icrası üçün tələb olunan daha yüksək peşəkarlıq səviyyəsinə malik işçilərdən komplektləşdirilməsi məqsədi ilə hər iki zavodun əməkçiləri işlədikləri vəzifə və peşələr üzrə İnsan Resursları Departamentində keçiriləcək test imtahanlarında iştirak edəcəklər. İmtahanlarda başqalarına nisbətən yüksək bal toplamış işçilər yeni strukturda yerləşdiriləcəklər.

Məlumata görə, mövcud qanunvericiliyə əsasən əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilər test imtahanında iştirak etmədən qanunvericiliyin tələbləri gözlənilməklə yeni strukturda birbaşa yerləşdiriləcəklər. SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin peşəkarlıq səviyyəsi yoxlanılacaq işçilərlə görüşündə Heydər Əliyev adına BNEZ-in, Həmkarlar İttifaqının, habelə “Neftçilərin hüquqlarını müdafiə təşkilatı” İctimai Birliyinin rəhbərləri və mətbuat nümayəndələri iştirak ediblər.

İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli struktur dəyişiklikləri zamanı əmək münasibətlərinin tənzimlənməsi prinsipləri, peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə test imtahanlarının keçirilmə qaydaları, imtahan suallarının mövzu tərkibi və onların yerləşdiriləcəyi portal, imtahandan sonrakı yerləşdirilmə qaydaları, Əmək qanunvericiliyinə əsasən imtahanda iştirak etmədən birbaşa yeni strukturda yerləşdiriləcək işçi kateqoriyaları haqqında məlumat verib. Onun sözlərinə görə, imtahanlar tam şəffaf, obyektiv və ədalətli şəraitdə keçiriləcək. Peşəkarlıq səviyyəsinin yoxlanılması imtahanlarında nisbətən az bal toplayaraq sərbəstləşəcək işçilərə SOCAR-ın 17.01.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq üçün imkan yaradılacaqdır. Bir illik proqram çərçivəsində onların əmək haqlarının 50%-i və tibbi sığorta güzəştləri, eyni zamanda şirkətin digər strukturlarında ixtisas və iş təcrübələrinə uyğun vakansiya yaranarsa, işlə təmin olunmaq hüquqları saxlanılacaqdır. Proqrama qoşulan işçilərin işlə təmin edilməsi şirkət üçün məcburi öhdəlik yaratmasa da, bu məsələ vakansiyaların idarə edilməsi zamanı İnsan Resursları Departamenti üçün prioritet olaraq qalır.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılov çıxış edərək, struktur dəyişiklikləri zamanı peşəkarlıq səviyyəsinin yoxlanılması prosesinin tələb olunan şəkildə təşkili üçün hər cür zəruri şəraitin yaradıldığını, zavodda işçiləri maraqlandıran sualları operativ cavablandırmaq üçün daimi komissiyanın fəaliyyət göstərdiyini bildirib. Daha sonra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi