SOCAR-ın Karbamid zavodu bu il 600 min ton məhsul istehsalı proqnozlaşdırır
- 04 mart, 2022
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodu 2022-ci ildə 600 min ton məhsul istehsal etməyi proqnozlaşdırır.
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu həcmlər 2021-ci ilin istehsalından 244,7 min ton və ya 68,9 % çoxdur.
Məlumata görə, ötən il zavodun ümumi istehsalı 355,3 min ton təşkil edib ki, bu, 2020-ci illə müqayisədə 197,3 % çoxdur.
Ötən il ərzində zavod tərəfindən 323,4 min ton məhsul ixrac edilib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 366,3 % çoxdur. Ümumilikdə, Karbamid zavodunun məhsul ixracı ölkənin xarici ticarət saldosuna müsəbr təsiri 154 milyon ABŞ dolları olub.
2021-ci ildə Karbamid zavodunun ixrac gəlirləri 119,2 milyon ABŞ dolları təşkil edib ki, bu da daha əvvəlki illə müqayisədə 11 dəfə çoxdur.
2021-ci ildə zavodun istehsalı hesabına 35 milyon ABŞ dollarlıq idxal əvəzlənib. Karbamid zavodunda məhsul istehsalında istifadə edilən təbii qazın əlavə dəyəri 2,5 dəfə artıb.
Şirkətin məhsulları əsasən Braziliya, Rumıniya, Türkiyə və Bolqarıstan bazarlarına ixrac edilib.
Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.