Yuxarı

SOCAR-ın idarəsində köhnəlmiş enerji infrastrukturu yenidən qurulub

Azneft” üzrə enerji infrastrukturunun daha da təkmilləşdirilməsi məqsədilə işlər gələcəkdə də həyata keçiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsində köhnəlmiş enerji infrastrukturunun yenidən qurulması işləri aparılıb. Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.

"İdarədə mövcud enerji infrastrukturunun uzun müddət ərzində istismarda olması, onların fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksəlməsi, xüsusən son dövrlərdə aparılan genişmiqyaslı yenidənqurma işləri və yeni istehsalat obyektlərinin tikilib istifadəyə verilməsi ilə əlaqədar enerjiyə olan tələbat yüksək həddə çatıb, bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. İdarədə enerji infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb, ''Neftqazelmitədqiqatlayihə'' İnstitutu tərəfindən hazırlanmış layihələrə uyğun olaraq, “Neftqaztikinti” tresti tərəfindən yeni hava elektrik ötürücü xətləri, sualtı kabel xətləri çəkilib, güc transformatorları, paylayıcı qurğular və paylayıcı şitlər quraşdırılıb, yeni yarımstansiyalar istismara verilib", - deyə şirkətdən qeyd olunub.

Bildirilib ki, 290 saylı estakadayanı meydançada yeni paylayıcı qurğu müasir tipli avadanlıqlarla təchiz olunub, bu meydança ilə 562 saylı estakadayanı meydança arasında yeni istismara verilmiş paylayıcı qurğu arasında elektrik təchizatının etibarlılığının təmin edilməsi məqsədilə yeni sualtı kabel xətti, Darvin bankası yatağında 740 saylı stasionar dəniz özülündə qazılmış 8 hasilat quyusunun elektrik təchizatını təmin etmək məqsədilə hər biri 500 metr uzunluğunda 2 ədəd yeni sualtı kabel xətti çəkilərək istismara verilib.

Həmçinin, dənizdə Şimal qırışığı yatağının elektrik təchizatını təmin edən 8, 9 saylı yarımstansiyalarla Şimal estakadasında yerləşən 6 saylı yarımstansiya arasında yeni sualtı kabel xətti çəkilib, estakada üzərində layihəyə uyğun olaraq müasir tipli avadanlıqlarla təchiz olunmaqla 6 ədəd yarımstansiya tikilib. Həmin obyektlərə sahildən hər biri 3,3 km olan 2 ədəd yeni sualtı kabel xətti çəkilib.

“Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində enerji infrastrukturunun daha da təkmilləşdirilməsi məqsədilə bu kimi işlər gələcəkdə də həyata keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi