​SOCAR-ın idarə və müəssisələrində Xocalı soyqırımı qurbanları yad edilir

​SOCAR-ın idarə və müəssisələrində Xocalı soyqırımı qurbanları yad edilir "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır"
Energetika
25 Fevral , 2015 18:33
​SOCAR-ın idarə və müəssisələrində Xocalı soyqırımı qurbanları yad edilir

Bakı. 25 fevral. REPORT.AZ/ XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrində anım tədbirləri keçirilir. 

"Report" SOCAR-a istinadən məlumat verir ki, "Azərikimya" İstehsalat Birliyində təşkil olunmuş mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalıda baş verənləri terrorizm, etnik təmizləmə və soyqırım aktı adlandıran natiqlər qeyd ediblər ki, bu vəhşiliklər nəticəsində 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülərək zülmlərə məruz qalıb. İtkin düşmüş 150 Xocalı sakininin taleyi isə hələ də məlum deyil.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Ümummilli lider Heydər Əliyevin ''Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir'' - fikrini faciəyə verilən yüksək qiymət kimi dəyərləndirib, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində işğal altında olan torpaqların azad ediləcəyinə əminliyini bildirib.

Tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən, respublika məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə də tanış olublar. Bakı Uşaq Teatrının “Günay” teatr studiyasının üzvləri hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim edib, gənc bədii qiraətçilər kollektivi Xocalı hadisələrinə həsr olunmuş şeirlər söyləyiblər.

Ekologiya İdarəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, idarənin rəis müavini Əflatun Həsənov çıxış edərək, bu faciənin Azərbaycan tarixində silinməz iz buraxdığını qeyd edib. Çıxış edənlər Xocalı şəhərini yerlə-yeksan etmiş erməni silahlı birləşmələrinin dinc mülki əhalini kütləvi qırğına məruz qoyduqlarını bildiriblər. Qeyd olunub ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün mühüm məsələdir. Natiqlər Xocalı soyqırımı ilə bağlı dövlətimiz tərəfindən uğurlu və məqsədyönlü siyasət həyata keçirildiyini, belə faciələrin gələcəkdə təkrarlanmaması üçün bu cinayətin dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıblar.

Bakı Ali Neft Məktəbində də Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rektor Elmar Qasımov bildirib ki, erməni vandalları əsrin əvvəllərindən Quba, Bakı, Şamaxıda da soyqırım həyata keçiriblər. Xocalıda baş verənlər həmin məkrli və çirkin siyasətin davamı olub. E.Qasımov Xocalı hadisələrini XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar cinayət kimi qiymətləndirib. 

O vurğulayıb ki, Xocalı soyqırımını törədən insanlar bu gün Ermənistan dövlətinin siyasi elitasını təmsil edənlərdir. Daha sonra ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülən tədbirlərdən danışılmış və bu cinayəti törədən şəxslərin qanun qarşısında əməllərinə görə cavab verəcəklərinə əminlik ifadə edilib. Tədbirdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan dövləti və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslar, eləcə də diaspora təşkilatları tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində böyük həcmli işlər görülür. Artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırım aktı kimi tanımış və pisləmişlər. H.Rəcəbli gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağırıb. Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ingilis dilində hazırlanmış və Xocalı soyqırımına həsr olunmuş video çarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi