Yuxarı

​SOCAR-ın İnsan Resursları Departamentində QHT rəhbərləriylə görüş keçirilib

Ötən il İRD-yə 36 931 müraciət daxil olub

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün SOCAR-ın İnsan Resursları Departamentində vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə İRD-nin rəisi Asif Bəkirli tədbir iştirakçılarını salamlayıb və 2015-ci il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Təqdimatda İRD-nin fəaliyyəti haqqında statistik məlumatlar, həyata keçirilmiş layihələr, təhsil və karyera imkanları, vətəndaşların qəbulu və işçilərlə əlaqələr, qarşıya çıxan problemlər, QHT ilə əməkdaşlıq və başqa mövzulara toxunulub. Qeyd olunub ki, həyata keçirilmiş Xarici Təqaüd proqramlarında 2006-2015-ci illər ərzində ümumilikdə 268 nəfər iştirak edib, onlardan 225 nəfəri məzun olub, 43 nəfər tələbə isə təhsillərini davam etdirir. 2015-ci ilə olan göstəricilərə əsasən 24 təqaüdçü bu proqrama qoşulub və hazırda Böyük Britaniya, Fransa, ABŞ, Kanada, İsveç və İtaliyanın nüfuzlu universitetlərində şirkət hesabına təhsil alırlar.

SOCAR-ın Daxili Təqaüd proqramı çərçivəsində 2004-2015-ci illər ərzində keçirilmiş 18 seçim müsabiqəsinə 16 min nəfərdən çox tələbə müraciət edib və ümumilikdə 1841 tələbə SOCAR təqaüdçüsü adına layiq görülüb. Qeyd olunub ki, SOCAR-ın “Yay Məktəbi” və “Ödənişli Yay Təcrübəsi” proqramları da tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə SOCAR-da daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir.

Neft sənayesi üçün peşəkar fəhlə kadrlarının hazırlanmasında təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulduğu söylənilib, bildirilib ki, 2015-ci il ərzində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərinə 923 nəfər müraciət edib, onlardan 163 nəfəri Kadr hazırlığının təşkili və Qobustan Regional Təlim Mərkəzinə, 62 nəfər isə Sumqayıt Təlim, Tədris Mərkəzinə seçilib.

SOCAR-da işə qəbul prosesinin mövcud əmək qanunvericiliyinə və şirkətdaxili Standart və Qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirildiyi, müsabiqələrin İRD tərəfindən təşkil edildiyi və aidiyyəti sahə mütəxəssislərinin iştirakı ilə aparıldığı qeyd olunub, məlumat verilib ki, 2015-ci il ərzində 340 vakansiya elan olunub, açılan və öncəki ildən tamamlanmamış vakansiyalara elektron qaydada 17 722 namizəd müraciət edib. Ötən il regionlar üzrə aparılan geniş qazlaşma proqramının nəticəsi olaraq, “Azəriqaz” İB-də 550 nəfər əlavə işçiyə tələbat yaranıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikanın bütün ərazisini əhatə edən genişmiqyaslı bir layihə reallaşdırılıb. 2015-ci il ərzində İRD-nin iştirakı ilə Tarif-İxtisas komissiyalarında 1487 işçinin Əməyin ödənilməsi dərəcəsinin artırılmasına baxılıb. Onlardan 1114-nün, yəni 79%-nin iddiası təmin olunaraq əməyin ödənilməsi dərəcələri və əməkhaqları artırılıb.

Tədbirdə nəzərə çatdırılıb ki, İRD-yə müntəzəm olaraq həm SOCAR-da çalışan işçilər tərəfindən, həm də vətəndaşlar tərəfindən müraciətlər daxil olur. Müraciətlər QHT-lərin bu prosesdə yaxından iştirakı ilə şəffaf şəkildə araşdırılır. 2015-ci il ərzində ümumilikdə İRD-yə 36 931 müraciət daxil olub ki, bunlardan 24 557-i işlə təmin edilmə haqqında, 7 123-ü işçilərlə əlaqəli, 5 251-i isə təlimlə bağlı müraciətlərdən ibarət olub. İşlə təmin edilmə üzrə müraciətlərin 17 722-si işə qəbul anketi vasitəsilə qəbul edilib.

Görüşdə həmçinin İRD-nin gələcək planları haqqında da məlumat verilib, qeyd edilib ki, 2016-2018-ci illər ərzində şirkət birgə fəaliyət göstərdiyi beynəlxalq məsləhətçi şirkətlərlə insan resurslanının idarə edilməsində daha effektiv nəticə əldə edəcək və proseslərin şəffaflığını artıracaq sistemin axtarışındadır.

Müzakirələr zamanı “Konstitusiya” Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və başqaları çıxış edərək, SOCAR-ın həyata keçirdiyi layihə və proqramları, xüsusən İnsan Resursları Departamentinin fəaliyyətini müsbət qiymətləndiriblər. İctimai nəzarətin tam təmin olunduğu fəaliyyət dövrü ərzində Departamentdə qanunçuluq, şəffaflıq, obyektivlik və s. prinsipləri rəhbər tutulmuş, həyata keçirilən işlər yeni ənənələrin yaranması və inkişafı baxımından vətəndaş məmniyyəti qazanıb. İRD-nin vətəndaş cəmiyyəti institutları və QHT ilə intensiv əlaqədə gerçəkləşdirdiyi bütün tədbirlərin KİV-də mütəmadi işıqlandırılması təqdir olunub. Beynəlxalq təcrübə nəzərə alınmaqla aparılan islahatların davam etdirilməsi zərurəti qeyd edilib, Azərbaycan Respublikasın sosial-iqtisadi həyatında əvəzsiz xidmətləri olan SOCAR-ın gələcəkdə dünyanın ən iri şirkətlərindən birinə çevriləcəyinə əminlik vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi