SOCAR-ın gənc mütəxəssisləri Avropa Komissiyasının qrant müsabiqəsində qalib gəliblər

SOCAR-ın gənc mütəxəssisləri Avropa Komissiyasının qrant müsabiqəsində qalib gəliblər Bu layihəyə 14 mln. avro məbləğində qrant ayrılıb
Energetika
27 Fevral , 2017 11:42
SOCAR-ın gənc mütəxəssisləri Avropa Komissiyasının qrant müsabiqəsində qalib gəliblər

Bakı. 27 fevral. REPORT.AZ/ Bu günlərdə Avropa Komissiyası müsabiqə yolu ilə Avropa İttifaqının Ümumi Maraq Layihələri (PCI) siyahısına daxil etdiyi 149 enerji layihəsindən 18 layihəni seçərək bunların tədqiqat, müfəssəl layihələndirmə və tikinti işləri üçün "Connecting European Facility" (CEF) proqramı çərçivəsində ümumilikdə 444 mln. avro məbləğində qrant ayırıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın 4 əməkdaşı tərəfindən işlənmiş və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu tərəfindən təqdim edilmiş Yunanıstan ərazisində “Arxeoloji tədqiqatlar və tarixi abidələrin mühafizəsi məqsədilə qazıntılar” layihəsi də qaliblər sırasındadır. Bu layihəyə 14 018 347 avro məbləğində qrant ayrılıb.

“SOCAR-ın gənc əməkdaşları tədqiqatın biznes planını və digər zəruri elementləri yüksək səviyyədə hazırlayaraq TAP layihəsi üçün mühüm olan bu qrantın alınmasında müstəsna rol oynayıblar. Onlar qrant sorğularının tərtib olunması, hər bir iş həcmi üzrə peşəkar biznes planının, xərc və mənfəət analizlərinin, iqtisadi əsaslandırmaların işlənməsi, iqtisadi modelləşdirmələr və s. məsələlərin öhdəsindən məharətlə gəliblər”, - deyə məlumatda qeyd olunub. 

SOCAR-ın uğura imza atmış əməkdaşları - baş ofisdə investorlarla əlaqələr şöbəsinin rəisi Pərviz Babayev (qrupun rəhbəri), həmin şöbənin böyük mühəndisi Kamran Hüseynov, marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı və şöbənin böyük mühəndisi Əli Şahbazov artıq 5 ilə yaxındır ki, Avropa Komissiyasının enerji qurumları ilə sıx əlaqədə çalışır və TANAP layihəsini PCI proqramı çərçivəsində Avropa İttifaqının Enerji Direktoratlığında, Avropanın Ötürücü Sistemlər Operatorlarının Şəbəkəsində, Enerji Tənzimləyicilərin Əməkdaşlığı üzrə Agentlikdə və digər qurumlarda təmsil və təşviq edirlər.

“SOCAR-ın bu ekspert qrupu 2014-2016-cı illər ərzində TANAP layihəsi üzrə olduqca mühüm tədqiqat işləri üçün Avropa İttifaqının CEF fondundan 10 mln. avrodan artıq vəsait cəlb ediblər. Beləliklə, əməkdaşlarımızın peşəkar fəaliyyəti nəticəsində bu günədək TANAP və TAP layihələrinə qrant şəklində ümumilikdə 24 346 087 avro həcmində vəsait cəlb olunub. Bununla da SOCAR üçün böyük məbləğdə vəsaitə qənaət edilib. Xüsusilə vurğulamaq lazımdır ki, Avropada bu cür qrantların ayrılması o qədər də asan başa gəlməyən prosesdir, çünki bu zaman yüksək keyfiyyətlə və Avropa İttifaqının müvafiq direktiv və qaydalarına uyğun şəkildə hazırlanmış sorğular müəyyən olunmuş meyarlar əsasında müstəqil ekspertlər tərəfindən qiymətləndirilir, seçilən məhdud siyahı bir neçə rəy mərhələsindən keçirilir, nəhayət yekun siyahı Avropa İttifaqının regional qrupa daxil olan üzv ölkələrinin rəyi ilə Avropa Komissiyasında təsdiq olunur”, - deyə SOCAR-dan qeyd olunub. 

Bildirilib ki, SOCAR-ın gənc əməkdaşlarının nail olduqları bu uğur şirkətimiz üçün ikiqat əlamətdardır. Belə ki, onlardan 3 nəfəri SOCAR-ın Xarici Təqaüd Proqramının məzunlarıdır. P.Babayev Avstriyanın Vyana İqtisad və Biznes Universitetində energetika menecmenti, E.Qasımlı ABŞ-ın Luiziana Universitetində biznesin idarə olunması üzrə, Kamran Hüseynov isə Böyük Britaniyanın Qlazqo Universitetinin biznesin idarə olunması üzrə MBA təhsilini məhz SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində alıblar. Bu isə Xaricdə Təhsil üzrə Təqaüd Proqramının artıq SOCAR-a yalnız yüksək səviyyəli mütəxəssislər deyil, həm də böyük məbləğdə maliyyə gəlirləri qazandırmağa başladığını göstərir.

Son xəbərlər

Orphus sistemi