“Security Operation Services” (SOS) MMC 53 Vətən Müharibəsi iştirakçısını işlə təmin edib.
Şirkətdən “Report”a verilən məlumata görə, həmin şəxslər neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunacaq.
Bu münasibətlə keçirilən tədbirdə neft obyektlərinin mühafizəsində çalışan müharibə veteranlarına xüsusi diqqət rəmzi olaraq, şirkətin kollektivi adından plaketlər də təqdim olunub.
Şirkətin direktoru Anar Məmmədov bildirib ki, qəhrəman Azərbaycan əsgərinin sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib: “Hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətimizin sosial qayğısı ilə tam əhatə olunub, lakin özəl müəssisə və təşkilatlar da bu işə öz tövhəsini verməkdədir. “Security Operation Services” şirkəti Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna 10.000 manat vəsait köçürüb. Bundan başqa şirkət digər sosial layihələrdə də fəal iştirak edir”.
“Security Operation Services” müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətidir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir.