Yuxarı

​SOCAR-ın Dənizdə İnsan Həyatının Mühafizəsi Üzrə Təlim Mərkəzində təlimlər təşkil edilib

Müdavimlər sahildən 250 metr məsafədə estakadada yerləşən xilasedici bloklar üzərində yerləşən xilasedici qayıqlarla təxliyə olunmanı öyrənirlər

Bakı. 8 aprel. REPORT.AZ/ TTSİ-nin Qobustan Regional Təlim Mərkəzinin 54 müdavimi Beynəlxalq Dəniz Təşkilatının (IMO) A.891 saylı qətnaməsinin tələblərinə uyğun olaraq Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində “Stasionar dəniz platformalarının və üzən qazıma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursuna cəlb olunub. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Əlavə təlim kursunun nəzəri hissəsi əyani vəsaitlərlə təmin olunmuş sinifdə, praktiki hissəsi isə real dəniz şəraitinə uyğun - süni dalğa, külək, yağış, səs effekti yaradan qurğularla təmin olunmuş Hovuz Təlim Kompleksində və Təlim Poliqonunda keçirilir.

Praktiki məşğələlər zamanı şagirdlər suya hündürlükdən təhlükəsiz tullanmağı, helikopter bucurqadı ilə insanların sudan xilas olunmasını, sudan xilasedici sala daxil olma qaydasını, çevrilmiş xilasedici salın ilkin vəziyyətə gətirilməsini, xilasedici qayıqların suya endirilməsi və sudan qaldırılması qaydalarını, təxliyə olunmanı, əyani olaraq şərti yanğınların söndürülməsini, nəfəs aparatları ilə “Tüstü labirinti”nə daxil olaraq xəsarət alanların axtarışını və təxliyə edilməsini, sahildən 250 metr məsafədə estakadada yerləşən xilasedici bloklar üzərində yerləşən xilasedici qayıqlarla təxliyə olunmanı, əyani olaraq pirotexniki vasitələrin istifadə qaydalarını öyrənirlər.

Məlumata görə, şagirdlərin bu kursu keçməsinin ən böyük üstünlüyü onların dəniz şəraitində işləyərkən təhlükəsizlik qaydalarına düzgün riayət edilməsini öyrənməsidir. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası həmin əlavə təlim kursunu müvəffəqiyyətlə bitirən müdavimlərə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınan sertifikatlar təqdim edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi