​SOCAR-ın çilingər peşəsi üzrə elan etdiyi müsabiqə iştirakçıları üçün təlimlər başlayır

​SOCAR-ın çilingər peşəsi üzrə elan etdiyi müsabiqə iştirakçıları üçün təlimlər başlayır Kurslara 7 regionda 1111 nəfər cəlb olunub
Energetika
12 Oktyabr , 2015 15:36
​SOCAR-ın çilingər peşəsi üzrə elan etdiyi müsabiqə iştirakçıları üçün təlimlər başlayır

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyinin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə işə qəbul müsabiqəsinin iştirakçıları üçün nəzəri-praktiki təlimlərə start verilir.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, SOCAR tərəfindən hazırlanmış proqrama əsasən, Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində xüsusi kurs keçmiş mütəxəssislərin rəhbərliyi ilə ilkin test mərhələsində uğur qazanmış 1 111 nəfər 7 regionda “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər”lərin hazırlanma kurslarına cəlb olunub.

Kurslar 2 mərhələdə aparılacaq. Oktyabrın 7-də Tərtər, Zaqatala, Xaçmaz, Salyan, Ağsu, Lənkaran, Gəncə Regional Qaz İstismar İdarələri üzrə 486 nəfər kurslara cəlb edilib. Təlimlərə lazımi hazırlıq görülüb, TTSİ-nin mütəxəssisləri tərəfindən müxtəlif vaxtlarda tədrisin keyfiyyətini yoxlamaq məqsədilə monitorinqlər aparılıb, regionlarda tədrisin təşkili qənaətbəxş hesab edilib, dərs keçəcək mütəxəssislərə tədris metodikası ilə bağlı tövsiyələr verilib. Oktyabrın 7-də başlayan dərslər okytabrın 20-də yekunlaşacaq.

Oktyabrın 14-də isə ikinci mərhələnin icrasına başlanacaq. Kurs müddətində müdavimlərə qaz təsərrüfatı haqqında ümumi məlumat, qazların xüsusiyyəti, növləri və təbii qazın fiziki-kimyəvi xassələri, yeraltı, yerüstü qaz kəmərləri və onların istismarı, bina daxili qaz kəmərləri və qaz avadanlıqlarının istismarı, qaz tənzimləyici məntəqələr, qaz tənzimləyici qurğular və onların istismarı, nəzarət-ölçü cihazları və onların istismarı, qaz təchizatı sisteminin dispetçer xidmətləri, peşə etikası, qaz təsərrüfatında istifadə olunan əl terminalları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları və.s. mövzular tədris olunacaq. 

Qeyd edək ki, elan olunmuş müsabiqəyə ölkənin 7 regionunu əhatə edən 46 rayon üzrə ümumilikdə 4628 nəfərin müraciəti qeydə alınıb, onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılıb. Hazırda testdən uğurla keçmiş 1111 nəfər üçün təlimlər keçirilir. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hal-hazırda vakant olan 403 yerə işə qəbul olunacaq. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur. 

Müsahibədə bir neçə namizəd eyni balı toplayarsa, əvvəlcə onların sahə üzrə topladıqları bal, o da eyni olarsa test imtahanında topladıqları bal əsas götürüləcək. Namizədlər müsabiqənin bütün mərhələlərinin nəticələri barədə məlumatları SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” paneli vasitəsilə ala biləcəklər. 

Son xəbərlər

Orphus sistemi