​SOCAR Gürcüstandakı fəaliyyətilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

​SOCAR Gürcüstandakı fəaliyyətilə bağlı yayılan məlumatlara aydınlıq gətirib "SOCAR Georgia Gas" Gürcüstanda ermənilərin sıx məskunlaşdığı Samsxe-Cavaxetiya regionunda fəaliyyət göstərmir"
Energetika
17 Oktyabr , 2015 14:51
​SOCAR Gürcüstandakı fəaliyyətilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstandakı fəaliyyəti, qonşu ölkədə kəndlərin qazlaşdırılması ilə bağlı gördüyü işlər barədə mətbuatda yer alan təzadlı xəbərlərə aydınlıq gətirib. 

SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev "Report"a açıqlamasında bildirib ki, şirkət Gürcüstanın qazlaşdırılması ilə bağlı fəaliyyətinə 2008-ci ildən başlayıb və bu fəaliyyətini "SOCAR Georgia Gas" adlı törəmə müəssisəsi vasitəsilə həyata keçirir: "O vaxta qədər Gürcüstanın azərbaycanlılar yaşayan məntəqələrinin yalnız 34%-i qazlaşdırılmışdı. İndi bu göstərici 67%-dən artıqdır. Yəni soydaşlarımızın təbii qazdan istifadə imkanları iki dəfə artıb. Ümumilikdə, azərbaycanlıların yaşadığı 46 yaşayış məntəqəsi (kənd, qəsəbə, rayon mərkəzi və s.) qazlaşdırılıb, 37 minə yaxın ailə ilk dəfə mavi yanacaqdan istifadə etməyə başlayıb. Bu məqsədlə böyük həcmdə iş görülüb, azərbaycanlıların sıx məskunlaşdıqları həmin məntəqələrə 1 300 kilometrdən artıq qaz xətləri çəkilib. SOCAR bununla da kifayətlənmir. Gələn il daha 7 342 azərbaycanlı ailəsi qaz ala biləcək. Bu, 2016-cı ilin investisiya planına salınıb və plan artıq Cürcüstanın Energetika Nazirliyi tərəfindən təsdiq olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Nəzərdə tutulur ki, 2017-ci ilin sonunda Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları bölgələrdə qazlaşdırmanın səviyyəsi 82%-ə çatdırılacaq".

Gürcüstanda ermənilərin yaşadıqları bölgələrdə qazlaşdırmanın daha intensiv aparılması haqqında iddialara toxunan N.Quliyev qeyd edib ki, "SOCAR Georgia Gas" Gürcüstanda ermənilərin sıx məskunlaşdığı Samsxe-Cavaxetiya regionunda fəaliyyət göstərmir. Amma törəmə şirkətimizin çalışdığı bölgələrdə də ermənilər yaşayan məntəqələr mövcuddur: “Əvvəla, həmin məntəqələrin çoxusu 2008-ci ildən xeyli əvvəl qazlaşdırılıb, hətta sovet dövründə qazlaşdırılanları da var və SOCAR Gürcüstanda fəaliyyətə başlayanda onun istismarına belə məntəqələr də verilib. Yeni qazlaşdırmaya gəlincə, ola bilməz ki, hansısa bölgə qazlaşdırılsın, amma orada yaşayan 5-10 erməni ailəsinə qaz verilməsin”.

N.Quliyev Gürcüstanda fəaliyyət göstərən kilsə və dini məbədlərin pulsuz qazla təminatı məsələsinə də aydınlıq gətirib. O, SOCAR-ın həmin təcrübədən ilk öncə Azərbaycanda dövlət başçısının tapşırığı ilə istifadə etdiyini, sonradan Gürcüstanın dini liderlərinin xahişi ilə orada da tətbiq olunduğunu söyləyib. Mətbuat katibi onu da bildirib ki, həmin təcrübə Gürcüstanda fəaliyyət göstərən 17 məscidin qaz təminatını da pulsuz həyata keçirmək imkanı yaradıb. 

“Ümumiyyətlə, SOCAR biznes fəaliyyətilə məşğul olduğu digər ölkələr kimi, Gürcüstanda da geniş sosial proqramlar həyata keçirir. Bundan da ilk növbədə orada yaşayan azərbaycanlılar bəhrələnirlər. Sadaxlı kəndində yeni xəstəxana binası tikib istifadəyə vermişik, onlarla kəndə yol çəkmişik, şirkətin vəsaiti ilə Algeti, Lejbəddin, Talaver, İrqançay, Kesalo, Nəzərli kəndlərində məktəblər təmir olunub, Yormuğanlı kəndinə su çəkilib. Tbilisidə Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun ev muzeyləri yüksək səviyyədə təmir edilib. Marneuli şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini dəstəkləyirik. Orada 650 gənc azərbaycanlı müxtəlif dil və sənət kurslarında pulsuz məşğul olur. Qonşu ölkənin ali məktəblərində təhsil alan 3 min azərbaycanlı tələbəyə SOCAR-ın təqaüdü verilir. Bir sözlə, düşünürük ki, SOCAR-ın Gürcüstanda mövcudluğu, bu brend altında fəaliyyət göstərən müəssisələrin çoxluğu hər bir azərbaycanlı üçün qürur mənbəyidir”, - N.Quliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi