Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq Gürcüstanda “SOCAR” brendi ilə yanacaqdolurma məntəqələrinin yerləşdirilməsi prosesini demək olar yekunlaşdırıb.
Bunu “Report”a açıqlamasında SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Energy Georgia” MMC-nin Baş direktoru Mahir Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda SOCAR əsasən yeni inşa edilən dövlət əhəmiyyətli magistral yollarda böyük multifunksional komplekslərin tikilməsinə üstünlük verir.
“Hazırda əsasən bizim yanacaqdoldurma məntəqələrində “Way Mart” pərakəndə satış mərkəzlərinin daha da genişləndirilməsinə və təkmilləşdirilməsinə üstünlük verilir. “Way Mart”ın uğurları gözə çarpır”.
O bildirib ki, hazırda “Way Mart” pərakəndə satış mərkəzləri daha da təkmilləşdirilir: “Bu il 15 YDM-dəki “Way Mart” pərakəndə satış mərkəzi köhnə dizayndan yeni dizayna keçərək rebrendinq edəcək. Bu gün bizim 67 pərakəndə satış mərkəzlərimiz mövcuddur və bütün bunlar yeni dizaynla tərtibatı yekunlaşacaq”.