SOCAR gələn ilin dövlət büdcəsinə 200 milyon manat dividend ödəyəcək
- 01 noyabr, 2022
- 12:48
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin dövlət büdcəsinə 200 milyon manat dividend ödəyəcəyi proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının (HP) “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir.
Hesabata əsasən, 2023-cü ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividend gəlirləri 2021-ci ilin icra göstəricilərinə nisbətdə 2,5 dəfə, 2022-ci ilin proqnoz göstəricilərinə nisbətdə isə 3 dəfə artım olmaqla 321,2 milyon manat proqnozlaşdırılıb. Artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə (220 milyon manat) proqnozun artırılması olub.
2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişinin 200 milyon manatı SOCAR, 15 milyon manatı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5 milyon manatı isə "Azer Gold" QSC üzrə nəzərdə tutulub.
Hesabatda qeyd edilib ki, 2022-ci ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlər yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 5 milyon manat nəzərdə tutulub ki, bundan da cari ilin 8 ayı ərzində 4 milyon manat dövlət büdcəsinə ödənilib.
"Aqrarkredit" QSC-dən 2022-ci ilin büdcə layihəsində dividend ödənişi nəzərdə tutulmamasına baxmayaraq, 2021-ci ilin yekununa görə hesablanmış 0,2 milyon manat dividendin dövlət büdcəsinə ödənişi həyata keçirilib. Ümumilikdə, təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2022-ci ilin ötən 8 ayı ərzində 124,7 milyon manat məbləğində vəsait daxil olub ki, bunun da 120,5 milyon manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 milyon manatı "Aqrarkredit" QSC BOKT, 4 milyon manatı isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən dövlət büdcəsinə ödənilib, "Azər Türk Bank" ASC tərəfindən dividend ödənişi həyata keçirilməyib.