Yuxarı

​SOCAR-da Xəzər Strateji Ararşdırmalar İnstitutunun nümayəndələri ilə görüş olub

Rövnəq Abdullayev: Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolunun getdikcə artır

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) nümayəndələrini qəbul edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

SOCAR prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq bildirib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da dərinləşməsində, xalqların bir-birinə daha sıx yaxınlaşmasında ictimai fikir adamlarının qarşılıqlı səfərlərinin mühüm rolu var və HASEN nümayəndələrinin Bakıya səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Rövnəq Abdullayev SOCAR-ın Türkiyədə həyata keçirdiyi investisiya layihələrindən söz açıb və bu layihələrin hər iki ölkənin iqtisadiyyatına böyük fayda verəcəyini bildirib. SOCAR prezidenti Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolunun getdikcə artdığını vurğulayıb, bu istiqamətdə həyata keçirilən layihələr sırasında mühüm yer tutan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi sayəsində bu rolun daha yüksək səviyyəyə çatacağını qeyd edib. O, ictimaiyyətin həyata keçirilən layihələr barədə ətraflı və müntəzəm məlumatlandırılması və elmi araşdırmaların aparılmasında HASEN-in böyük rol oynadığını deyib.

HASEN-in baş katibi Haldun Yavaş təmsil etdiyi qurum haqqında məlumat verərək bildirib ki, 2012-ci ildə təsis olunan Xəzər Strateji Araşdırmalar İnstitutu əsas məqsədi Xəzər bölgəsi ilə bağlı araşdırmaların aparılması, beynəlxalq münasibətlər, logistika, təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyət və ətraf mühitin mühafizəsi ilə bağlı mövzularda strateji təkliflərin irəli sürülməsi olan bir tədqiqat mərkəzidir. HASEN elmi araşdırmaları və müzakirələri genişləndirmək məqsədilə müxtəlif beynəlxalq görüşlər, treninqlər keçirir, mətbuatda çıxışlar edir. İnstitutun təkcə Türkiyənin deyil, dünyanın öndə gedən tədqiqat mərkəzlərindən biri olmağı hədəfə aldığını deyən Haldun Yavaş Bakıya budəfəki səfərlərində məqsədin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün Azərbaycanın müxtəlif qurumlarında görüşlər keçirmək, fikir mübadiləsi aparmaq olduğunu qeyd edib. Bu baxımdan SOCAR-da keçirilən görüşə böyük əhəmiyyət verdiklərini deyən HASEN baş katibi institutun layihələri barədə məlumat verib, onların sırasında Cənub Qaz Dəhlizi, TANAP-ın keçdiyi bölgələrdə işçi qüvvəsi, Qafqazda münaqişələrin qarşısının alınması layihələrini xüsusi vurğulayıb.

HASEN Məşvərət Şurası üzvləri Xəlil Akınçı, Dəniz Ülkə Ardoğan, HASEN Elmi Şurasının üzvü Bəkir Günay türk dünyasının, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında SOCAR-ın rolundan danışıb, TANAP layihəsinin vacibliyini qeyd ediblər. SOCAR prezidenti Rövnəq Abdllayev HASEN-in Türkiyədəki “beyin mərkəzləri” arasında mühüm yer tutduğunu bildirib, İnstitutun fəaliyyətini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub və xatirə şəkli çəkdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi