Yuxarı
    Bağlamaq

    SOCAR-da Norveç nümayəndə heyəti ilə görüş keçirilib

    OPITO təşkilatının HUET (vertolyotla sualti təxliyə təlimi) kursunun tələblərinə əsasən intensiv hazırlıq işlərinin aparıldığı vurğulanıb

    Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondunun (RKK) layihə rəhbəri Rune Torsenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə TTSI-nin rəisi Fuad Süleymanov təlim mərkəzlərinin fəaliyyəti, Perspektiv İnkişaf Planı və 2015-ci il üzrə Tədbirlər Planına uyğun olaraq kadrların hazırlanması, ixtisasartırma və ikinci peşəyə yiyələnmə, ilkin təlimatlandırma sahəsində müntəzəm təlimlərin keçirilməsi haqqında məlumat verib. Bu proqramlarda dünyanın qabaqcıl təlim-tədris mərkəzlərinin, xüsusən Almaniya və Böyük Britaniyanın təhsil sistemi və təcrübəsi əsasında distant təlim və texniki hazırlıq kurslarının tətbiq ediləcəyi qeyd olunub. R.Torsen təmsil etdiyi qurum ilə Azərbaycan Təhsil Nazirliyi arasında Azərbaycanda peşə təhsilinin gücləndirilməsi və inkişafı üçün əməkdaşlıq haqqında sazişin imzalandığını bildirib, gəmiqayırma və neft-qaz sənayesində bacarıqların müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

    Görüşdən sonra Qobustan Regional Təlim Mərkəzinə gələn Norveç nümayəndə heyətinə BP, "Total", "Schlumberger", "BOS Shelf" və digər şirkətlər ilə əməkdaşlıq çərçivəsində mütərəqqi təlim metodikaları əsasında texniki işçilərin hazırlanması barədə məlumat verilib, habelə təlim mərkəzinin tam təchiz olunmuş sinif otaqları, laboratoriya və emalatxanalarda istifadə olunan simulyatorlar, nəzəri və praktiki dərslər, əyani vəsaitlər, tədris potensialı, müəllim-instruktor heyətinin bacarıqları və ixtisas göstəriciləri nümayəndə heyətinin nəzərinə çatdırılıb.

    Qonaqlar təlim mərkəzinin qaynaq sexində görülən işlər, əməyin təhlükəsizliyi rejimi, istifadə olunan avadanlıqlar və materiallar ilə tanış olublar. Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi ilə tanışlıq zamanı İxtisaslaşdırılmış üstübağlı təlim hovuzunun mövcud imkanları və funksionallığı barədə məlumat verilmiş, hovuzda keçirilən praktiki məşqlər və poliqonda tədris olunan yanğına qarşı mübarizə kursu əyani surətdə nümayiş etdirilib. Bununla yanaşı, təlim mərkəzinin qarşısında duran vəzifələrdən biri kimi, OPITO təşkilatının HUET (vertolyotla sualti təxliyə təlimi) kursunun tələblərinə əsasən intensiv hazırlıq işlərinin aparıldığı vurğulanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi