SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş təntənəli yığıncaq keçirilib

SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş təntənəli yığıncaq keçirilib Bu gün “SOCAR TOWER”də neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilib
Energetika
20 Sentyabr , 2021 17:39
SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş təntənəli yığıncaq keçirilib

Bu gün “SOCAR TOWER”də neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilib.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, tədbirdə İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Şirkətin prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Müşahidə Şurasının üzvləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak ediblər.

Tədbir iştirakçıları vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının, o cümlədən şəhid neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Hər il peşə bayramlarında “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünü qeyd edən neftçilərimiz bu bayram ərəfəsində “Azəri-Çıraq-Günəşli” yataqlarından 4 milyardıncı barel neft hasil etməklə yeni əmək qələbəsinə imza atmışlar. Bu böyük nailiyyət, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında uğurla davam etdirilən qalibiyyətlili enerji strategiyamızın möhtəşəm təntənəsini əks etdirir”.

SOCAR-ın prezidenti vurğulayıb ki, bu il həm də “Şahdəniz” yatağının işlənilməsinə dair müqavilənin 25-ci ildönümünün qeyd edilməsi ilə əlamətdardır: “”Şahdəniz” yatağından təbii qazın Avropaya çatdırılması üçün Azərbaycan Prezidentinin təşəbbüsü ilə və daimi nəzarəti altında həyata keçirilən Cənub Qaz Dəhlizi ötən il istismara buraxıldı. Bu ilin əvvəlindən Dəhliz vasitəsi ilə Avropa bazarlarına təxminən 5 milyard kubmetr, Türkiyəyə isə 5,7 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib”.

Qeyd olunub ki, pandemiya şəraitində çalışmalarına baxmayaraq, SOCAR kollektivi istehsalat proqnozlarının öhdəsindən layiqincə gəlib. Bu ilin birinci yarısında şirkətin müstəqil işlədiyi yataqlardan 3,9 milyon ton neft hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur. Şirkətin qaz hasilatı göstəricisi 3,9 milyard kubmetr təşkil edib, artım isə ötən ilə nisbətən 6,3 % olub. Ötən 6 ayda ölkə üzrə 8,9 milyard kubmetr qaz ixrac olunmuşdur və bu həcm ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 % çoxdur. Birinci yarımildə xarici bazarlara ötən ilkinə nisbətən 18,2 % daha artıq - 1,4 milyon ton neft və neft-kimya məhsulları göndərilib.

Pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq ölkə daxilində və xaricdə planlaşdırılmış bütün layihələrin uğurla davam etdirildiyini vurğulayan SOCAR-ın prezidenti “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində aparılan yenidənqurma layihəsinin artıq başa çatmaq üzrə olduğunu, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsində isə hazırki mərhələ üzrə işlərin 81,5 % tamamlandığını bildirib.

Tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış etmiş, toplantı iştirakçılarını peşə bayramı münasibəti ilə təbriklərini çatdırıblar.

İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov çıxışında neft gəlirlərinin ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Ölkəmizin zəngin neft-qaz ehtiyatlarının hasilatı artırmaq üçün geniş imkanlar yaratdığını nəzərə çatdıran M.Cabbarov dünya neft sənayesinin alternativ və bərpa olunan enerji, hidrogen istehsalı və rəqəmsal texnologiyalar kimi yeni çağırışlarla qarşılaşdığını bildirmiş, qlobal çağırışlara hazır olmağın artıq bir zərurətə çevrildiyini vurğulamışdır. Nazirin fikrincə, SOCAR ölkənin elm və təhsil müəssisələri ilə əməkdaşlığını daha da genişləndirməklə növbəti sənaye inqilabına hazırlaşaraq, yeni nəsil istehlakçıların yeni davranış tərzinə cavab verməyə hazır olmalıdır.

Sonra SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan neftçilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına “Azəri-Çıraq-Günəşli” yataqlarında 4 milyard barel həcmində neftin çıxarılması ilə bağlı müraciətini oxuyub.

Tədbirin sonunda 2021-ci il üzrə SOCAR-da keçirilmiş “İlin ən yaxşıları” müsabiqəsinin qalibləri, eləcə də “Fəxri neftçi” döş nişanı və “SOCAR-ın Fəxri Fərman”ı ilə təltif olunan neftçilərin bir qisminə mükafatlar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il Sərəncamına əsasən hər il “Əsrin müqaviləsi”nin imzalandığı tarix - sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi