Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı SOCAR-da olub, şirkətin rəhbər heyəti və əməkdaşları ilə görüşüb.
"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbiri SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan xalqının qədim zamanlardan dini tolerantlıq ənənələrinə malik olduğunu bildirib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən dövlətçilik siyasətinin nəticəsi olaraq ölkəmiz dünya miqyasında millətlərarası və dinlərarası dözümlülük, tolerantlıq nümunəsinə çevrilib.
Bu gün Azərbaycanda bütün etnokonfessional birliklərin fəaliyyəti üçün əlverişli şərait yaradıldığını vurğulayan R.Abdullayev dövlət başçısının rəhbərliyi altında ölkəmizdə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb, dini tolerantlığın müasir Azərbaycanın ictimai həyatında böyük əhəmiyyət daşıdığını, mühüm dəyərlərdən olduğunu söyləyib. Azərbaycan iqtisadiyyatının lokomotivi olan SOCAR-ın dini tolerantlığın qorunmasına verdiyi töhfələrdən bəhs edən R.Abdulllayev şirkətin fəaliyyət göstərdiyi xarici ölkələrdə də bu konsepsiyanın təbliğ olunması üçün həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin dünya üçün nümunəvi xarakter daşıdığını bildirib. M.Qurbanlı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməklə bu addımın milli-mənəvi dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırıb. Komitə sədri Azərbaycanda olan tolerant və multikultural mühitdən bəhs edərkən bunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov ölkəmizdə dini tolerantlığın qorunmasının zəruriliyini vurğulayaraq xaricdən təsir göstərən radikal təriqətlərin bəzən din qiyafəsində çıxış etdiyini, belə qüvvələrlə mübarizədə İslam həmrəyliyinin böyük rol oynadığını söyləyib. Azərbaycanın bir İslam ölkəsi kimi tolerantlıq prinsipinə daim sadiq qaldığını diqqətə çatdıran S.Heydərov gənclər arasında milli-mənəvi dəyərlərin, o cümlədən dini tolerantlığın təbliği üçün Komitə tərəfindən görülən işlərdən ətraflı bəhs edib.