SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub

SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub Layihələrin başa çatdırılması Azərbaycana milyardlarla dollar sabit gəlir gətirəcək
Energetika
210
15 Mart , 2017 19:32
SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün SOCAR-da Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 20 sentyabr - Neftçilər Günü ərəfəsində imzaladığı sərəncamlara əsasən təltif edilmiş neftçilərə yüksək dövlət mükafatları təqdim olunub.

“Report” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ötən ilin sonlarında baş vermiş qəzada həlak olmuş neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək neftçi əməyinə həmişə yüksək dəyər verən, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə çoxminli Azərbaycan neftçiləri adından dərin minnətdarlığını bildirib.

SOCAR prezidenti deyib ki, Azərbaycanı bütün dünyada etibarlı qaz ixracatçısı kimi tanıtmış “Şahdəniz” yatağının işlənməsi layihəsi uğurla irəliləyir: “Artıq qazılacaq 26 quyudan 10-u qazılıb. Onlar istifadəyə verilməyə tam hazırdır. Hasilat platforması, sualtı boru kəmərləri və Səngəçal terminalının genişləndirilməsi üzrə işlər davam etdirilir. “Şahdəniz-2” üzrə işlərin 90%-i tamamlanıb. Hədəfimiz “Şahdəniz-2” layihəsi üzrə ilk təbii qazı gələn il bazarlara çatdırmaq, bu layihəni 2020-ci ilə qədər tamamlamaqdır. “Şahdəniz” qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissələrindən olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP kəmərləri üzrə işlər də uğurla davam etdirilir. Ümidvaram ki, xarici tərəfdaşlarla birgə Azərbaycan neftçiləri bu layihələri də uğurla başa çatdıracaqlar və neft-qaz sənayesinin tarixində yeni və daha parlaq bir səhifə açacaqlar”.

R.Abdullayev qeyd edib ki, ötən il ölkə üzrə 41 mln. tondan artıq neft hasil olunub: "Bunun 33,5 mln. tonu beynəlxalq konsorsiumlar, 7,5 mln. tonu isə SOCAR tərəfindən hasil edilib. Eyni zamanda, 29,3 mlrd. kubmetr qaz hasil olunub. Beynəlxalq konsorsiumlar tərəfindən 23,1 mlrd. kubmetr, SOCAR tərəfindən isə 6,2 mlrd. kubmetr qaz hasil edilib. Cari ilin iki ayı üzrə hasilat göstəriciləri qənaətbəxşdir. Ökə daxilində irimiqyaslı axtarış, qazma, hasilat, nəql və emal əməliyyatları aparan SOCAR xarici bazarlarda da layihələr həyata keçirir, iştirak payını və coğrafiyasını genişləndirir”.

SOCAR prezidenti vurğulayıb ki, iri layihələrdən olan Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azərikimya”da aparılan genişmiqyaslı modernizasiya və yenidənqurma işləri çərçivəsində əsas qurğular və ümumzavod təsərrüfatı yenilənir, yeni qurğular inşa olunur, istehsal gücünün artırılması, məhsulların “Euro-5” standartlarına uyğunlaşdırılması üçün zəruri tədbirlər görülür: "Bütün bunlar ölkə üçün strateji əhəmiyyət kəsb edir".

R.Abdullayev bildirib ki, SOCAR Sumqayıt Kimya Sənaye Parkının ərazisində illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan modern qurğular inşa edir: “İndiyədək Azərbaycanda polipropilen istehsal olunmadığı nəzərə alınaraq inşaat işlərinin böyük hissəsi başa çatan zavodun istismara buraxılması ölkədə bu məhsula tələbatın ödənilməsi ilə bərabər, ölkənin ixrac potensialını da artıracaq. Aqrar sektorun inkişafına neftçilərin töhfəsi olan Karbamid Zavodunun inşası üzrə işlərin 90%-i tamamlanıb. Zavodun tikintisinin bu il başa çatdırılması, gələn ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Bu zavodların inşası qısa müddətdə iqtisadiyyatın daha da şaxələndirilməsinə, aqrar sektorun, kiçik və orta biznesin inkişafına təkan verəcək”.

O, SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrdən də danışıb: "Şirkətin idarə etdiyi Türkiyənin yeganə neft-kimya istehsalçısı olan “Petkim” ilbəil uğurlu nəticələr əldə edir. “Petkim” 2016-cı ili uğurlu nəticələrlə başa vurduğuna görə holdinqin səhmlərinin nominal dəyəri növbəti dəfə kəskin artıb. Türkiyədə həyata keçirilən digər layihə - Petlim Konteyner Limanının I fazası üzrə işlər başa çatdırılıb, əməliyyatlara başlanılıb, ikinci faza üzrə işlər davam etdirilir. Petkim Külək Elektrik Stansiyası layihəsi üzrə də işlər uğurla irəliləyir. Tikintisinin böyük hissəsi başa çatdırılıb. Bu stansiyanın bu il istismara verilməsi nəzərdə tutulur. “STAR” Neft Emalı Zavodu üzrə işlər də uğurla irəliləyir, zavod “Petkim”in gəlirliyini və bazar payını daha da artıracaq, xammal xərclərini isə əhəmiyyətli dərəcədə azaldacaq. İşlərin gedişatı zavodun nəzərdə tutulduğu kimi 2018-ci ilin sentyabr ayına kimi istifadəyə veriləcəyini göstərir". 

R.Abdullayev vurğulayıb ki, Gürcüstan, Türkiyə, Rumıniya, Ukrayna və İsveçrədə əldə olunan aktivlər də böyüyür, genişlənir, Azərbaycanın gücünü əks etdirir: "Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır. Düzgün investisiya strategiyasının nəticəsidir ki, hər il aktivlərimizin dəyəri ilə bərabər, şirkətimizin dövriyyə kapitalı da artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana milyardlarla dollar sabit gəlir gətirəcək. Ölkəmizin davamlı inkişafına xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

Bundan sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları oxunub, “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş neftçilərə ali dövlət mükafatları təqdim edilib. 

Təltif olunanların adından “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin operatoru Fəxrəddin Rzayev, SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, Ekologiya İdarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi Füzuli Hacıyev çıxış edərək, layiq görüldükləri dövlət mükafatlarını bütün Azəbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləyib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını qeyd ediblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelin yeni vəzifəyə təyin olunduğunu bildirərək, səmərəli əməkdaşlıq üçün ona təşəkkür edib, bu vəzifəyə təyinat almış Qari Consu tədbir iştirakçılarına təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Son xəbərlər