​SOCAR-da Çin nümayəndə heyəti ilə görüş keçirilib

​SOCAR-da Çin nümayəndə heyəti ilə görüş keçirilib SOCAR prezidenti Çinə dəvət olunub
Energetika
31 May , 2016 16:05
​SOCAR-da Çin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 31 may.REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Çin Milli Neft Korporasiyası (CNPC) İdarə Heyətinin üzvü Vanq Şi Honqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə SOCAR prezidenti Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bir çox sahələrdə faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb. O, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə də enerji sektorunda iştirakının dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə olduğunu bildirib. R.Abdullayev SOCAR və CNPC arasında uzunmüddətli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıraraq, Çin şirkətinin ilk dəfə belə böyük nümayəndə heyəti ilə SOCAR-da olmasını yüksək qiymətləndirib. O, SOCAR və CNPC-nin birgə layihələrinin uğurla həyata keçirildiyini, iki şirkət arasında yaradılmış birgə müəssisənin səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycana səfərlərindən məmnun olduğunu bildirən Çin nümayəndə heyətinin başçısı səmimi qəbul üçün SOCAR prezidentinə təşəkkür edib, bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləyib. O, SOCAR-la münasibətlərin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə çalışdıqlarını bildirib, SOCAR-ın həyata keçirdiyi geniş spektrli layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb. Qonaq Çində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının yaxından izlənildiyini söyləyib, fondların və ixrac-idxal bankının Azərbaycana, xüsusilə enerji sektoruna böyük maraq göstərdiklərini diqqətə çatdırıb.

Azərbaycanda əlverişli və təhlükəsiz investisiya mühitinin olduğunu qeyd edən R.Abdullayev CNPC şirkətinin nümayəndələrinə hazırda SOCAR tərəfindən reallaşdırılan regional və qlobal əhəmiyyətli enerji layihələrinin uğurları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin perspektivləri barədə ətraflı məlumat verib. Görüşdə SOCAR-ın yeni Neft-qaz emalı və neft-kimya Kompleksi ilə bağlı qısa təqdimat keçirilib. Sonda qonaq CNPC şirkətinin prezidentinin məktubunu SOCAR prezidentinə çatdırıb, onu təmsil etdiyi şirkətin rəhbərliyi adından Çinə səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi