SOCAR Cənubi Afrikada LNG alışı ilə bağlı tenderə qatılır

Energetika
  • 28 mart, 2022
  • 10:55
SOCAR Cənubi Afrikada LNG alışı ilə bağlı tenderə qatılır

Ukraynadakı müharibə və təbii qazın qiymətinin kəskin artması şəraitində Cənubi Afrika təcili olaraq böyük həcmdə təbii qaza çıxış əldə etmək istəyir.

“Report”un xaricə mətbuata istinadən verdiyi məlumata görə, keçən ay Mərkəzi Enerji Fondu (CEF) qaz aqreqatoru tapmaq üçün tender elan edib. Bu tender Şərqi Keyp vilayətində Coega Xüsusi İqtisadi Zonası üçün planlaşdırılan müxtəlif növ qazlardan elektrik enerjisi istehsalı layihələri üçün mayeləşdirilmiş təbii qazla (LNG) təmin etməyə kömək edəcək.

Qeyd edək ki, qaz aqreqatoru LNG-ni toplu şəkildə idxal edən və daha kiçik alıcılara satan topdansatış müəssisəsidir.

Məlumata görə, artıq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın dövlət təbii qaz tədarükçüsü olan “Qazprom”a məxsus “Qazprombank” tender təkliflərini təqdim etməyi nəzərdən keçirir. Qaz aqreqatoru üzrə tenderə rəhbərlik edəcəyi gözlənilən “Shell” şirkəti isə təklif verməyəcəyini təsdiqləyib.

Tender sənədlərinin məlumatına görə, tender potensial gəlirlidir: “Qaza orta tələbat gündəlik olaraq 200 milyon kubfutdan çox ola bilər. Bu cür həcmləri ildə çox milyard dollarlıq müqavilələrlə idarə etmək olar. Burada məqsəd qənaətin faydalarını maksimuma çatdırmaqdır”.

Bildirilir ki, bu, illik 75 milyon MMBtu-dan çox təşkil edir ki, bu da təbii qazın dünya bazarında satıldığı zaman ümumi qəbul edilmiş ölçü vahididir.

Rusiya-Ukrayna müharibəsi başlamamazdan əvvəl 1 MMBtu təxminən 26 ABŞ dollara başa gəlib. Martın əvvəlində 1 MMBtu rekord həddə çataraq 52 ABŞ dolları təşkil edib. Hətta Ukrayna məsələsinə qədər olan qiymətlərlə belə, potensial müqavilənin həcmi ildə 2 milyard ABŞ dolları (29 milyard rand) təşkil edəcək.

Qeyd edilir ki, “Qazprombank”ın da tender təkliflərini təqdim etmək ehtimalı var. “Qrupun qaz sektorunda geniş təcrübəsini nəzərə alaraq, CEF tərəfindən elan edilən qaz aqreqatoru tenderində potensial iştirakını qiymətləndiririk”, - deyə şirkətin Yohannesburq filialından yazılı cavabında bildirib.

“Təəssüf ki, biz hazırda iştirak formasını təsdiq edə bilmirik, bu məsələ ilə bağlı danışıqlar davam edir”, - deyə “Qazprom” şirkətinin məlumatında deyilir.

Bundan başqa, “Shell” şirkətinin tenderdə iştirak etməməsi təəcüb doğurur. Keçən həftə “Shell South Africa” şirkətinin rəsmisi təsdiq edib ki, nə “Shell”, nə də onun hər hansı filialı qaz tenderində iştirak etmək niyyətində deyil".

Tender təklifi verilməsi gözlənilən Niderlandların “Vitol” şirkəti keçirilən tenderdə təklif verib-verməyəcəyini söyləməkdən imtina edib. Lakin belə anlaşılır ki, bu şirkət SOCAR və “Qazprom”u güclü mövqedə saxlayıb.

Qeyd edilir ki, Cənubi Afrika üçün “Qazprom” və ya “Qazprombank”la çoxmilyardlı dollarlıq yeni qaz müqaviləsi üzrə razılaşma əldə etmək geosiyasi baxımdan riskli ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti