Bakı. 1 sentyabr.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqust ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 871 787 ton xam neft ixrac edib.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ilin avqust ayında nisbətən Ceyhandan ixrac 55% azalıb.
Ümumilikdə, yanvar-avqust ayları ərzində Ceyhan limanından 11 272 041 ton xam neft ixrac edilib ki, bu da illik müqayisədə 19% azdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus həcmləri əks etdirir. Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.
Qeyd edək ki, avqust ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 46,65 dollara, "Urals" 46,14 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 48,17 dollara satılıb.