SOCAR: “BNEZ planlaşdırılmış təmir işləri ilə əlaqədar işini dayandıracaq”
- 07 yanvar, 2022
- 13:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu planlaşdırılmış təmir işləri ilə əlaqədar işini dayandıracaq.
Bunu "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, planlaşdırılmış təmir işləri ilə əlaqədar zavodun fəaliyyətinin dayandırılması bu ilin birinci yarısında planlaşdırılır.
SOCAR rəsmisi bildirib ki, müntəzəm iş “Evro-5” standartına uyğun olan dizel mühərriklərinin istehsalı üçün tələb olunan aqreqatların işə salınmasına hazırlıqla eyni vaxtda aparılacaq.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Aİ-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Euro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Qrafikə əsasən NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Euro-5” standartına çatdırılması planlaşdırılır. Modernizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.