​SOCAR atmosfer emissiyası ilə bağlı növbəti inventarlaşdırmanı başa çatdırıb

​SOCAR atmosfer emissiyası ilə bağlı növbəti inventarlaşdırmanı başa çatdırıb İnventarlaşdırma tədbirlərinin nəticələri SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatına daxil ediləcək
Energetika
24 Avqust , 2015 18:22
​SOCAR atmosfer emissiyası ilə bağlı növbəti inventarlaşdırmanı başa çatdırıb

Bakı. 24 avqust. REPORT.AZ/ İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının icrası ilə əlaqədar artıq səkkiz ildir ki, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) İstilik Effekti Yaradan Qazların (İEYQ) inventarlaşdırma işləri aparılır. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bu ilki inventarlaşdırma şirkətin struktur bölmələrində, əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələrinin (BM) obyektlərində İEYQ mənbələri haqqında məlumat bazasının yaradılması və müntəzəm olaraq yenilənməsi, onların kəmiyyət və keyfiyyət göstəricilərinin təyini məqsədi ilə keçirilmiş və aparılan instrumental ölçmə işləri uğurla başa çatdırılıb.

SOCAR-da, ƏŞ və BM-lərdə yanacağın yandırılması nəticəsində yaranan karbon qazı, metan və azot 1-oksidin və uçucu emissiya olan metanın miqdarı hesablanıb, bu atılmaların əvvəlki illərlə müqayisəsi və təhlili aparılıb, atılmaların azaldılması üzrə təkliflər verilib.

İEYQ-ın inventarlaşdırılması ilə bərabər artıq üçüncü ildir ki, SOCAR-ın müəssisələrində atmosferə atılan çirkləndirici maddələrin inventarlaşdırılması işləri də həyata keçirilir. Çirkləndirici maddələrin atmosferə atılması problemi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində hazırlanmış Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair Dövlət Proqramında (2014-2020-ci illər) əksini tapıb. İnventarlaşdırma tədbirlərinin nəticələri SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatına daxil ediləcək.

Son xəbərlər

Orphus sistemi