Yuxarı
    Bağlamaq

    "SOCAR-AQŞ" növbəti quyuda qazma işlərinə başlayıb

    “Günəşli’’ yatağında qazılan quyunun layihə dərinliyi 4 000 metrdir

    Bakı. 26 noyabr. REPORT.AZ/ "SOCAR-AQŞ" MMC “Günəşli’’ yatağının dayazsulu hissəsində 11 saylı stasionar dəniz özülündən 30 saylı quyuda qazma işlərinə başlayıb. "Report"un "SOCAR-AQŞ"yə istinadən verdiyi xəbərə görə, quyu Qırməkialtı Lay Dəstəsinə (QAD) qazılır və quyunun layihə dərinliyi 4 000 metr təşkil edir.

    “Günəşli’’ yatağının dayazsulu hissəsində qazılan istismar quyusunun azimutu 292 dərəcə, inhirafı isə 1 400 m təşkil edir. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

    Qeyd edək ki, "SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

    Hazırda "SOCAR-AQŞ" dayazsulu "Günəşli" yatağında yerləşən 11 saylı və ‘’Ümid’’ yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə, eyni zamanda “Qərbi Abşeron”, ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

    Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. "SOCAR-AQŞ" dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. "SOCAR-AQŞ" MMC "API Spec Q2" sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi