“SOCAR-AQŞ” Banqladeşdə 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq

“SOCAR-AQŞ” Banqladeşdə 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq "​SOCAR-AQŞ" ilə Banqladeşin BAPEX şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Energetika
20 Fevral , 2018 10:33
“SOCAR-AQŞ” Banqladeşdə 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq
Socar.az

Bakı. 20 fevral. REPORT.AZ/ Banqladeş hökumətinin Qanunvericilik və parlament məsələləri Bölməsinin baş katibi Mühəmməd Şahidul Haq və Enerji və mineral ehtiyatlar Bölməsinin katibi Nazimuddin Çoudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində “SOCAR-AQŞ” şirkətinin baş direktoru Ramin İsayevlə görüşüb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşdə “SOCAR-AQŞ” və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb.

Memorandumu baş direktorun əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin baş meneceri İslam Mühəmməd Novşad imzalayıblar. 

Qeyd edək ki, “SOCAR-AQŞ” daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının “Semutang-Cənub-1”, “Begumganj-4’’ və “Madarganj-1’’ qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcək. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.

Bildirilib ki, Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.

Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edən N.Çouduri bildirib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlər mövcuddur: “Bugünkü imzalanma mərasimi iki müəssisə və nəticədə iki ölkə arasında əməkdaşlığın yeni vüsət almasına və dərinləşməsinə xüsusi təkan verəcək”.

BAPEX şirkətinin baş meneceri İ.M.Novşad qeyd edib ki, Azərbaycan neftçilərinin zəngin təcrübəsi bizim regionun neftçiləri üçün həmişə ən yaxşı məktəb olub. “SOCAR-AQŞ"-nin milli qazma sənayesindəki innovativ imici və imza atdığı ilklər bugünkü əməkdaşlığın gerçəkləşməsində önəmli rol oynayıb. Əminəm ki, gələcəkdə də “SOCAR-AQŞ” ilə digər birgə layihələrin icrasında çalışmaqda davam edəcəyik’’.

“SOCAR-AQŞ”-nin baş direktoru R.İsayev isə bildirib ki, “SOCAR-AQŞ" Azərbaycandan mal və xidmətlərin ixracının artırılmasında dövlət siyasətinə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə iştirak edərək qalib gəlib və müvafiq müqavilə imzalanıb: “Biz hər il təxminən 7%-dən çox artan iqtisadiyyata malik Banqladeş Xalq Respublikasının neft-qaz yataqlarının işlənməsində iştirakımızı yüksək qiymətləndirir və BAPEX ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”. 

Xatırladaq ki, “SOCAR-AQŞ” MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir. "SOCAR AQŞ" bu günə kimi 200 min metrdən çox qazma işləri yerinə yetirib, 67 quyunu sifarişçiyə təhvil verib. Hazırda şirkət Azərbaycanda 4 quyunun qazılmasını həyata keçirir. 2018-ci il ərzində "SOCAR AQŞ" Xəzərin Azərbaycan sektorunda 18 quyunun qazılmasını planlaşdırır. Əsasən 2008-ci ildən qaz hasilatına başlamış və təqribən 360 mlrd. kubmetr qaz ehtiyatlarına malik olan Banqladeş Xalq Respublikasında “SOCAR AQŞ” tərəfindən yerinə yetiriləcək qazma işləri, Azərbaycan neftçilərinin beynəlxalq miqyasda öz peşəkar xidmətlərini təklif etmək və məhz göstərilən xidmətlər sayəsində ölkəyə əlavə gəlirin qazandırılması üçün münbit zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi