SOCAR 30 ilin neft-qaz hasilatının həcmlərini açıqlayıb
- 31 yanvar, 2023
- 06:10
1992-ci ildən 2023-ci ilin yanvarın 1-nə qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 268 milyon 301 min ton neft hasil edilib.
Bu barədə “Report” SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən məlumat verib.
Bildirilir ki, son 30 ildə SOCAR tərəfindən 193 milyard 003 milyon kubmetr təbii qaz hasil edilib.
Bu müddət ərzində Dövlət Neft Şirkəti tərəfindən emal olunmuş neftin həcmi isə 143 milyon 059 min ton olub.
Qeyd edə ki, SOCAR neft emalını əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirir. Zavod Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul istehsal edir. Bu məhsulların siyahısına benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazut daxildir. Qeyd edək ki, NEZ ölkədaxili tələbatının əsas hissəsini təmin edir.
Zavodda 4 əsas qurğu mövcuddur: ED-AV-6 qurğusu, Katalitik riforminq qurğusu, Tədrici kokslaşma qurğusu və Katalitik krekinq qurğusu. Bu qurğular müvafiq olaraq, 1976-cı il, 1980-ci il, 1986-cı il və 1993-cü illərdə istismara verilib. Neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması məqsədilə əlavə bloklara malik ED-AVQ-6 kombinə edilmiş atmosfer-vakuum qurğusunda neftin ilkin emalı reallaşdırılır. Burada istehsal olunan məhsullar “Azərikimya” İB-nin Etilen–Polietilen Zavodu və digər qurğulara xammal kimi göndərilir. TC-1 markalı reaktiv mühərrik yanacağı da məhz bu qurğuda istehsal olunaraq hazır məhsul kimi istehlakçılara göndərilir.
İllik məhsuldarlığı 2 milyon ton olan katalitik krekinq qurğusu avtomobil benzininin yüksək oktanlı komponentlərinin istehsalına imkan yaradır. Bundan əlavə, qurğuda “Azərikimya” İB üçün məhsullar (texniki propan, texniki butan və quru qaz) və dizel yanacağı istehsalı üçün vacib sayılan yüngül fleqma istehsal olunur.
İllik məhsuldarlığı 1 milyon ton olan katalitik riforminq qurğusu A-92 markalı avtomobil benzininin istehsalında əsas komponentlərdən olan sabit platformat istehsal edir. NEZ-də, həmçinin hidrotəmizlənmiş dizel və benzin yanacağı istehsal edən qurğu, 400 min ton istehsal gücü olan yeni bitum qurğusu, hərəsi 2 milyon ton istehsal gücünə malik 2 ilkin emal qurğusu, illik məhsuldarlığı 790 min ton olan və “AVRO-4” markalı dizel yanacağı, habelə müxtəlif markalı yağlar istehsal edən qurğudan ibarətdir.