SGC-nin komponentlərindən birinin karbonsuzlaşdırılması üçün yeni tədbirlər hazırlanır

Energetika
  • 12 iyun, 2024
  • 08:25
SGC-nin komponentlərindən birinin karbonsuzlaşdırılması üçün yeni tədbirlər hazırlanır

Boru kəməri şirkəti TAP AG karbonsuzlaşdırma tədbirləri çərçivəsində Trans-Adriatik Boru Kəmərində (TAP) mövcud və yeni qaz kompressor stansiyalarında yeni elektrik kompressorlarının quraşdırılmasını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu TAP-ın Yunanıstandakı nümayəndəsi İoannis Maris deyib.

O bildirib ki, araşdırmalara görə, TAP qaz kəmərindən atmosferə buraxılan karbon qazının 90 %-i qaz kompressor stansiyalarının istismarı nəticəsində yaranır: “Bu kontekstdə biz gələcəkdə boru kəmərinin genişləndirilməsi çərçivəsində həm mövcud, həm də yeni stansiyalarda yeni elektrik kompressorlarının quraşdırılması imkanlarını nəzərdən keçiririk. Bu, elektrik şəbəkəsinə qoşulma nöqtələrinin müəyyən edilməsini, şəbəkənin etibarlılığını və elektrik ehtiyaclarını ödəmək üçün “təmiz elektrik” enerjisinin mövcudluğunu əhatə edir.

İ.Maris qeyd edib ki, TAP AG öz karbonsuzlaşdırma üzrə öhdəliklərinin bir hissəsi kimi 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq niyyətindədir: “Həm qısa, həm də uzunmüddətli perspektivdə biz istixana qazları emissiyalarının azaldılmasına və enerji səmərəliliyi tədbirlərinin təsirinin yaxşılaşdırılmasına ən çox təsir edən təşəbbüslərə üstünlük veririk. 2023-cü ildə biz illik proqnozla müqayisədə istixana qazları emissiyalarının təxminən 30 % və metan emissiyalarının təxminən 70 % azalmasına nail olduq”.

Onun sözlərinə görə, TAP Avropa İttifaqının Qonşuluq və Genişlənmə məsələləri üzrə baş direktorluğu tərəfindən Qərbi Balkanların karbonsuzlaşdırılması, regionda daha təmiz və daha sərfəli enerjiyə çıxışı təşviq edən qabaqcıl layihə kimi tanınıb.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti