Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Azərbaycana gəlir

    Nazirin səfəri ​Energetika Nazirliyində müzakirə edilib

    Bakı. 24 aprel. REPORT.AZ/ Energetika naziri Natiq Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaimi qəbul edib.

    Nazirlikdən “Report”a verilən məlumata görə, görüş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin də iştirakı ilə baş tutub. 

    Görüşdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin aprelin 25-27-də Azərbaycana gözlənilən səfəri ilə bağlı müzakirələr aparılıb. 

    Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi, iqtisadi və mədəni əlaqələrin mövcud olduğunu deyən nazir bu səfəri enerji əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirib. N. Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri ilə OPEC çərçivəsində keçirilən tədbirlərdə sıx təmasda olduğunu xatırladıb və Bakı görüşünün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

    Səfir isə Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini ilk tanıyan və beynəlxalq təşkliatlarda davamlı dəstək nümayiş etdirən ölkələrdən biri olduğunu xatırladıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həm də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə sazişi ilk imzalayan ölkələrdən biridir. Səfir uzun müddət “Saudi Aramco” şirkətinə rəhbərlik etmiş nazirin neft-qaz sahəsində böyük təcrübəyə malik olduğunu və Bakı görüşlərinin enerji əməkdaşlığının inkişafına fayda verəcəyini deyib.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin Bakıya səfəri çərçivəsində Azərbaycanın energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulub. Xalid Əl Falihinin öz istəyinə uyğun olaraq Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi