Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 21 % artıb
- 04 noyabr, 2021
- 09:31
Bu ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından sualtı boru kəmərləri ilə Səngəçal terminalına təqribən 172 milyon barel neft və kondensat göndərilib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə bu ilin III rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon və yaxud 6 % azdır.
O cümlədən, 9 ay ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 148 milyon barelə yaxın neft ixrac olunub ki, bu da 1 il əvvələ nisbətən 12 milyon barel və yaxud 7,5 % azdır.
Bundan başqa, Qərb İxrac Boru Kəməri marşrutu ilə 24 milyon bareldən artıq neft ixrac edilib ki, bu da illik müqayisədə 1 milyon barel və yaxud 4,3 % çoxdur.
Həmçinin, hesabat dövründə terminaldan gündəlik orta hesabla təxminən 58 milyon standart kubmetr (2 milyard 063 milyon standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib. Bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10 milyon kubmetr və yaxud 20,8 % çoxdur.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.