Səngəçal terminalından BTC neftinin ixracı 6 %-dən çox artıb

Energetika
  • 03 avqust, 2023
  • 09:56
Səngəçal terminalından BTC neftinin ixracı 6 %-dən çox artıb

Bu ilin altı ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 115 milyon bareldən çox neft və kondensat ixrac edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu 2022-ci ilin birinci yarısının göstəriciləri ilə müqayisədə 1 milyon və ya 0,9 % çoxdur.

Yarım il ərzində o cümlədən 114 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da ötən ilin ilk 6 ayı ili ilə müqayisədə 7 milyon barel və ya 6,5 % çoxdur.

Bu ilin birinci yarısında 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 milyon barel və ya 85,7 % azdır.

Yarım il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 72 milyon kubmetrdən çox (təqribən 2 milyard 542 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3 milyon kubmetr və ya 4,35 % çoxdur.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti