Səfir: "TAP layihəsi qrafik üzrə həyata keçirilir"

Səfir: "TAP layihəsi qrafik üzrə həyata keçirilir" Layihənin həyata keçirilməsi zamanı meydana çıxan problemlər həll olunur
Energetika
24 Noyabr , 2015 14:21
Səfir: TAP layihəsi qrafik üzrə həyata keçirilir

Bakı. 24 noyabr. REPORT.AZ/ Trans-Adriatik boru kəməri (TAP) layihəsinin icrası qrafik üzrə davam edir və 2020-ci ildə başa çatacaq. Xəzər Avropa Klubundan (Caspian European Club) "Report"a verilən məlumata görə, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Tsunqas "Caspian Energy International Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi "Caspian Energy"nin nümayəndə heyəti ilə görüşdə bildirib.

Səfir qeyd edib ki, layihənin həyata keçirilməsi zamanı meydana çıxan problemlər həll olunur"TAP-ın inşasına 2016-cı ildə başlanılacaq. Bir neçə gün əvvəl boru kəmərləri üzrə tender başa çatıb və yunan şirkəti tenderdə qalib gəlib. Layihə üzrə bütün işlər qrafik üzrə aparılır. TAP işə salınanda görəcəyik ki, bir ilə 10 mlrd. kubmetr qaz artıq kifayət etmir. O zaman daha çox qaza ehtiyac yaranacaq. Avropa dövlətlərinin enerjiyə tələbatının günbəgün artması göz önündədir”.

Görüş zamanı "Caspian European Club" və "Caspian Energy International Media Group" çərçivəsində əməkdaşlıq məsələlərinə, Azərbaycan və Yunanıstanın biznes ictimaiyyəti səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.

D.Tsunqas qeyd edib ki, ikitərəfli əlaqələr bütün mümkün sahələrdə sürətlə inkişaf edir: “Ticarət dövriyyəsi günbəgün artır. Mən artıq iki ildir Yunanıstanın Azərbaycanda səfiriyəm. Əvvəlki illərlə müqayisədə indi supermarketlərdə rəflərdə xeyli yunan məhsulu görürəm”.

O həmçinin, bir çox istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək üçün xeyli imkanlar, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün perspektivlər mövcud olduğunu bildirib. Səfir hazırda Azərbaycanda üç yunan şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

“Azərbaycanda Yunanıstan tərəfinin iştirakı ilə müxtəlif layihələr həyata keçirilir. Məsələn, ətraf mühit sahəsində “Carteco” şirkəti bu yaxınlarda BMT-nin layihəsində qalib gəlib. Bundan başqa, Bakıda keçirilmiş I Avropa Oyunlarının açılış mərasimini unutmamalıyıq. Həmin möhtəşəm layihənin art-direktoru yunan olub. Olduqca mükəmməl mənzərə idi”, - deyə səfir bildirib.

Bundan başqa, D.Tsunqas qeyd edib ki, Şahdağda fəaliyyət göstərən üç hoteldən ən kiçiyi “Shahdag Spa Hotel” çöl hissədən Yunanıstandan gətirilmiş süni daşlarla örtülüb. Üç hotel arasındakı məkan isə Yunanıstandan gətirilmiş daşlarla döşənib. Səfir, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda “Dreamland” adlı daha bir nəhəng layihə işlənib hazırlanır ki, bu işdə də həmin yunan şirkəti yaxından iştirak edir.

O, həmçinin Milli Elmlər Akademiyasının kitabxanasında binanın bir hissəsinin yunan şirkətinin gətirdiyi ağ mərmərlə örtüldüyünü nəzərə çatdırıb: "Beləliklə, qeyri-neft sektorunda hər iki tərəfin cəlb olunduğu xeyli sayda müştərək layihələr mövcuddur".

"Son iki ildə ikitərəfli əlaqələrin inkişafında böyük inkişaf müşahidə edirəm. Hər iki tərəf bir-birindən razıdır və əməkdaşlığı davam etdirmək niyyətindədir. Düzdür, bu, bir qədər vaxt aparacaq, amma məqsədə addım-addım yaxınlaşmaq əslində daha yaxşıdır – bu zaman əməkdaşlıq daha möhkəm, sabit və hərtərəfli olur”, - deyə D.Tsunqas əlavə edib.

Son xəbərlər

Orphus sistemi